“Cəbrayıla xoş gəlmisiniz”
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müraciətinin arxasında qürur hissi, sevinc, inam və gələcəyə əminlik öz aydın ifadəsini tapır
44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri sabaha ümidləri artırır, soydaşlarımız torpaq həsrətlərinə son qoyulacağını böyük səbirsizliklə gözləyirdilər. Torpaqlarımız biri-birinin ardınca işğaldan azad edildikcə 30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən fikirlər öncə bu oldu: Artıq biz qaçqın deyilik. Torpaqlarımız işğaldan azad edilib, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaratdı. Ölkə Prezidenti qələbə sevincini xalqımızla bölüşmək, bu torpaqların sahibinin məhz biz olduğumuzu Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırmaq üçün işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlərini atdığı biri-birindən əhəmiyyətli addımları ilə daha da zənginləşdirir, Böyük Qayıdışı yaxınlaşdırır.
Oktyabrın 3-də ölkə Prezidenti İlham Əliyevin Bərdə və Tərtər rayonlarına, onun ardınca ayın 4-də Cəbrayıla səfərləri də bu baxımdan diqqətçəkəndir. Bu tarixlər Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin, eyni zamanda, Cəbrayıl şəhərinin işğaldan azad edildiyi günlərdir. Bu gün böyük qürur hissi keçiririk ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu torpaqlarımızın işğal deyil, işğaldan azad edildikdəri tarixi qeyd etməyin sevincini bizlərə yaşatdı.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşü olduğunu, bu görüşün məhz oktyabrın 4-də keçirilməsinin xüsusi məna daşıdığını önə çəkərək bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün cəbrayıllıları öz yurduna, vətəninə dəvət etdiyini bildirmişdir. Cənab İlham Əliyev «Cəbrayıla xoş gəlmisiniz» müraciətinin ardınca bu əminliyi ifadə etmişdir ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.
Bu istəyin reallığa çevrilməsi üçün ciddi addımlar atılır. Təkcə cənab İlham Əliyevin bu səfəri çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cəbrayıl şəhərinin baş planı təqdim edildi. Görülən işlər dövlətimizin iqtisadi gücünün təqdimatıdır. Bütün imkanlar səfərbər olunaraq qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə istiqamətləndirilib. Bu baxımdan ki, ermənilər torpaqlarımızı tamamilə dağıtmış, yerlə-yeksan etmişlər. Bu dağıntıları aradan qaldırmaq, şəhərlərimizin əvvəlki görkəmini bərpa etmək üçün genişmiqyaslı işlərə böyük ehtiyac vardır. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısının məlum səfəri çərçivəsində Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyuldu. 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu. Həmçinin Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Atılan bu addımlar bir məqsədə xidmət edir- Cəbrayılı qısa müddətdə bərpa etmək, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmalarına nail olmaq.
«Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi» söyləyən cənab İlham Əliyev bildirir ki, çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, ordumuza əlavə güc verdi, əminlik yaratdı. Bu Qələbədən sonra şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etdilər.
İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası sərsəm bəyanatları ilə Ordumuz haqqında yaratdıqları fikirlərin yanlışlığının şahidi oldular. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danıqlarından imtina kimi dəyərləndirirdilər. İşğalçı dövlət bir qədər də irəli gedərək belə bir sərsəm bəyanatla çıxış edirdi ki, Azərbaycan hərb yolunu seçərsə uduzacağı şəksizdir. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, haradadır bu “yenilməz Ermənistan ordusu?. Görün, necə qaçır bizim qabağımızdan: “Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq.» Dövlətimizin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olundu, düşmənin hərbi texnikası məhv edildi və qənimət kimi götürüldü.
Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edərək, bizim bütün tarixi, dini, mədəni abidələrimizi dağıdıblar. Biz bu gün Böyük Qayıdışın astanasındayıq. Artıq işğaldan azad olan yaşayış məntəqələrimizdə görüləcək işlərin planı hazır olmaqla yanaşı uğurla icra edilir. 30 ilə yaxın torpaq həsrətinə son qoyulması, həmin ərazilərdə yeni həyatın başlanması üçün atılan addımlar Azərbaycan əsgərinin gücünün, qüdrətinin göstəricisidir. Dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımızın, Azərbaycan Ordusunun yaşanan qələbədən qürurlanmağa, başını uca tutmağa tam haqqı var. Çünki torpaqlarımız erməni işğalından azad olundu, abidələrimizi, məscidlərimizi dağıtmaqla, sərxoş vəziyyətdə Şuşada rəqs etməklə Azərbaycan xalqını təhqir edən N.Paşinyan hakimiyyətinə bu təhqirlərin sonu olacağı ilə bağlı ünvanlanan bəyanatlar reallıqda öz əksini tapdı. Budur, Azərbaycan xalqının qüruru, mənliyi, Vətənə, torpağa bağlılığı. Artıq Ermənistan ölkəmizin qarşısında diz çöküb.
Azərbaycan xalqı hər zaman qürurlu, cəsarətli, yenilməz xalq kimi tarixdə yer alıb. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Eyni zamanda, keçmişini unutmayan, bu günü ilə qürur duyan, sabaha böyük ümidlərlə baxan xalq heç zaman yenilməz, daim irəliyə baxmaqla böyük inkişafa, tərəqqiyə dəstək olar. Bu gün Azərbaycan xalqı dünyaya bu nümunəni göstərir.
Azərbaycan Ordusu yeni tarix yazmaqla, eyni zamanda, ermənilər tərəfindən tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmağa, xalqımızın tarixi-mədəni irsini silmək cəhdlərinə son qoydu. Yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcək. Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan, Xocavənd rayonunun Vəng kəndinin Çinarlı, Noraşen kəndinin Günəşli adlandırılması da bu tərkibdəndir.
“Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim – Cəbrayıl şəhəri azad edilmişdir!” söyləyən dövlət başçısı bildirmişdir ki, bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi: “Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq.”
Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır” bildirən cənab İlham Əliyev qeyd etmişdir ki, bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Bizim planlarımız bundan ibarətdir. Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də Zəfərlə başlamışıq, Zəfərlə başa vuracağıq.

