Sosial 

Niyə küləkli və yağışlı havada internetdə problem yaranır? – AÇIQLAMA

İnsanlar yağış və küləkli havada internetin zəifləməsindən şikayət edirlər. Bəs hava ilə internetin həqiqətən əlaqəsi varmı? Xətlərin zəifləməsinə səbəb nədir?

Məsələ ilə bağlı “Baktelecom”Sonxeber.az saytının sorğusunu cavablandırıb.

Verilən məlumata görə, son günlər vətəndaşlardan “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) aidiyyəti struktur bölmələrinə internet sürətinin aşağı olması ilə bağlı kütləvi müraciət daxil olmayıb:

“Redaksiyanızdan internet xidmətində çətinlikləri olan müraciətçilərin məlumatları təqdim olunarsa, tərəfimizdən müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

Məlumat üçün bildiririk ki, “Baktelecom” payız-qış mövsümü boyunca hava şəraitinə uyğun olaraq, profilaktik tədbirlərini mütəmadi şəkildə həyata keçirir. Yağış sularının yeraltı kabel-kanal qurğularına sızmasının qarşısının alınması məqsədi ilə artıq Rabitə Xidmətləri Mərkəzləri zəruri avadanlıqlarla təchiz edilib.

Eyni zamanda, Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə istismar müddəti bitmiş mis xətlər yenilənir, GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında zədəyə davamlı fiber-optik xətlərlə əvəz olunur.

Qeyd edək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən 155 Çağrı Mərkəzi, rəsmi veb-saytında onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər”.

Daha çox xəbərlər