Gündəm 

“Öz ərazimizdə lazım bildiyimiz işləri görürük və bunun heç bir ölkəyə dəxli yoxdur”- Deputat

Son günlər İranın Azərbaycana qarşı münasibətində dəyişikliklər olması xoşagələn hal deyil. Təəssüf ki, qardaş münasibətdə olan iki ölkənin arasında soyuqluq hiss olunmağa başlayıb.

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Vüqar İskəndərov açıqlama verib.

O, cənab Prezidentin mövzuyla əlaqədar gözəl çıxış etdiyini vurğulayıb:

“Hər halda, İran bizim yaxın qonşumuzdur. Bu vaxta qədər İranla çox normal qonşuluq və dostluq əlaqələrimiz olub. Hətta torpaqlarımız işğalda olan zaman İran tərəfindən Ermənistana edilən yardımları da bilmişik. Bununla bağlı suallar verilib. Lakin hər şeyə rəğmən, həmişə iki ölkə arasındakı dostluq münasibətləri qalıb.

Son vaxtlar biz də İranın dini şəxslərinin hətta ölkə rəhbərliyi səviyyəsində edilən, bizə xoş olmayan fikirlərini eşitdik. Əlbəttə, bunların hər birinə gözəl cavabı Prezidentimiz verdi.

Burada ən önəmlisi odur ki, öz sərhədlərimizdəyik, öz ərazimizdə lazım bildiyimiz işləri görürük və bunun heç bir ölkəyə dəxli yoxdur.

Biz hər zaman qonşularımızla çox yaxşı münasibətlərdə olmuşuq. Bölgədə, Ermənistandan başqa, heç bir qonşu ölkəylə problemimiz olmayıb və kiminsə bizimlə probleminin olmasını arzulamırıq, heç vaxt da belə bir şərait yaratmamışıq.

Son vaxtlar İran siyasilərinin də məsələyə bir az qəribə yanaşması və bir neçə fikir söyləməsinə cənab Prezident çox kəskin formada, məntiqli cavab verib. Əgər söhbət İsraildən gedirsə, burada hansı faktlar var?! Bunun məsələyə nə dəxli var?! Hər bir ölkənin öz maraqları, xarici siyasətində nəzərdə tutduğu proseslər mövcuddur.

Biz heç vaxt İranın işlərinə qarışmamışıq, kiminlə dostluq edir, kiminlə münasibətləri normal deyil – bu bizim onlarla münasibətimizə heç vaxt təsir göstərməyib. Hətta çox bildirmişik ki, “hörmətli İran, ermənilər İslamı təhqir edir, məscidlərimizi dağıdır, içində donuz saxlayır, İslam ənənələrini təhqir edirlər”. Amma yenə də onların münasibətinin pozulmasını tələb etməmişik və bu gün də buna maraqlı deyilik.

Bir daha qeyd edirəm ki, cənab Prezident lazımi cavabı verib, mənim əlavə fikir söyləməyimə ehtiyac yoxdur.

Son olaraq, sadəcə onu bildirim ki, bizim münasibətlərimiz pis olmayıb və arzulayırıq ki, Ermənistan da daxil olmaqla, qonşu olan bütün ölkələrlə həm ikitərəfli, həm çoxtərəfli münasibətimiz daim yaxşı olsun”.

Daha çox xəbərlər