Siyasət 

Sənaye parkının yaradılması işğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin bir elementidir

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Fərmanı əsasında Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı formalaşdırılacaq.

Milli Məclisin deputatı Tahir Mirkişili mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 35%-ə yaxını sənaye sahələrindən formalaşır: “Bu göstəriciyə görə, ölkəmiz Avropa qitəsində ən çox sənayeləşən ölkələrdən biridir. Sənayenin inkişafında son illərdə yaradılan sənaye parklarının və məhəllələrinin rolu xeyli böyükdür. Belə ki, hazırda ölkəmizdə 6 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Bu zonalarada ümumilikdə 9300 işçi çalışır. Son 3 ildə sənaye zonalarında çalışan insanlara rezidentlər tərəfindən 320 milyon manat maaş ödənilib. Bu işçilərin Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 80 milyon manatı keçib. Son 3 ildə bu zonalarda cəmi 2.6 milyard manat dəyərində məhsul satışı olub. Bu məhsullardan 760 milyon manatlıq məhsul isə ixrac edilib. Bu rəqəmlər sənaye zonalarının iqtisadi və sosial rolunu açıq şəkildə göstərir”.

Deputat onu da qeyd edib ki, dövlət başçısının Fərmanı ilə daha bir sənaye parkı – “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılır: “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun resurslarını, Zəngəzur Dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın mövcud olmasını və nəhayət regionda gedəcək bərpa işlərini nəzərə alsaq bu sənaye parkının böyük inkişaf potensialı vardır. Əminəm ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı iqtisadi inkişafımızda öz tarixi rolunu oynayacaqdır.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra orada sənaye potensialının reallaşması və həmin ərazilərdə sənaye parklarının yaradılması prioritet məsələlərdən biri hesab olunurdu: “Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və eləcə də tranzit imkanlarının artması ilə bağlıdır. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərqi Zəngəzur və bütövlükdə Azərbaycanın Qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yol vasitəsi ilə birləşmək imkanı qazanacaq. Digər tərəfdən, Xudafərində gömrük keçid məntəqəsinin də fəaliyyətə başlayacağı gözlənilir ki, bu da həmin ərazilərdə istehsal edilən məhsullar üçün yeni ixrac imkanları deməkdir”.

Deputat onu da qeyd edib ki, Cəbrayılın, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna üzv olan rayonların təbii ehtiyatları kifayət qədər böyükdür: “Sözsüz ki, bu da sənaye müəssisələrinin istehsalı üçün geniş imkanlar yaradır. Məhz bu baxımdan sənaye parkının yaradılması, sənayeləşmə siyasəti də işğladan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin bir elementidir. Bu, həm də işğaldan azad edilmiş ərazilərimizin iqtisadi inkişafı üçün yeni stimullar yaratmaqla yanaşı, istehsal edilən məhsulların daha geniş bazarlara ixrac imkanlarının formalaşmasına gətirib çıxaracaq”.

Daha çox xəbərlər