Araz vadisinin möhtəşəm layihəsi
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafına təkan verməklə yanaşı, bölgədə istehsal edilən məhsulların daha geniş bazarlara ixrac imkanlarının formalaşmasına şərait yaradacaq
Xəbər verildiyi kimi, oktyabrın 4-də Prezident İlham Əliyev daha bir sənaye parkının – Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoydu. Ərazinin kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünməsi nəzərdə tutulub. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır. Göründüyü kimi, bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verməklə yanaşı, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.
Ümumiyyətlə, torpaqlarımız işğaldan azad olunduqdan sonra sənaye potensialının reallaşması və xüsusən həmin ərazilərdə sənaye parklarının yaradılması prioritet məsələlərdəndir. Cəbrayılda yeni sənaye parkının yaradılması rayonun da iştirak etdiyi Şərqi Zəngəzur iqtisadi rayonunun kommunikasiya və eləcə də tranzit imkanlarının artması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərqi Zəngəzur və bütövlükdə Azərbaycanın qərb hissəsi Naxçıvan Muxtar Respublikası ilə quru yolu vasitəsilə birləşmək imkanı qazanacaq. Digər tərəfdən, Xudafərində gömrük keçid məntəqəsinin fəaliyyətə başlayacağı da gözlənilir. Bu da həmin ərazilərdə istehsal edilən məhsullar üçün yeni ixrac imkanları deməkdir. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın bərpa prosesinin mühüm elementidir. Həmin ərazilərin iqtisadi inkişafı üçün yeni stimullar yaratmaqla bölgədə istehsal edilən məhsulların daha geniş bazarlara ixrac imkanlarının formalaşmasına imkan verəcək.
Hazırda ölkəmizdə Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Bu il Ağdam Sənaye Parkı yaradılması ilə sənaye parklarının sayı 6-ya çatıb, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye parklarında indiyədək ümumilikdə 3,7 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 962 milyon manatlıq hissəsini və ya təxminən 26 faizini ixrac təşkil edir. Sənaye parklarında ümumi qoyulacaq investisiyalarının həcmi 3,8 milyard ABŞ dollarından artıq olan 52 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu günədək rezidentlər tərəfindən 3,5 milyard ABŞ dollarından artıq investisiya yatırılıb, 36 rezident fəaliyyətə başlayıb, 9000 nəfərə yaxın insan daimi işlə təmin edilib.
Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb və elə həmin gün Ağdam Sənaye Parkının təməlqoyma mərasimi keçirilib. Hazırda Ağdam Sənaye Parkında zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.

