Hərbi təlimlər sübut edir ki…
“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir
Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Buna nümunə kimi, Azərbaycan və Türkiyənin “Mustafa Kamal Atatürk-2021”, “Anadolu Qartalı-2021”, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç Qardaş-2021”, “Sarsılmaz qardaşlıq-2021” hərbi təlimləri buna sübutdur. Bu günlərdə isə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Məhz bu məqsədlə müdafiə naziri Zakir Həsənov da Tbilisiyə səfər edib.
Ümumiyyətlə, mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır. Azərbaycanın ən çox birgə hərbi təlim keçirdiyi ölkə isə dost və qardaş Türkiyədir. Xatırladaq ki, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimlər hələ də davam edir. Təlimin senarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunlar fasiləsiz idarə olunur, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun fəaliyyət göstərirlər. Komandirlər tərəfindən ərazi qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri seçilir, hərəkət marşrutları öyrənilir, şəxsi heyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilir. Xüsusi həmlə qrupları tərəfindən düşmən mövqelərinə yaxınlaşma, düşmənin optik cihazlarından və sərrast atəşindən yayınma fəaliyyətləri icra edilir. Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotaj manevrlərlə təlim-məşq uçuşları keçirilir.
Onu da qeyd edək ki, Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimlərinin keçirilməsi Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir. Hərbi təlimlər sübut edir ki, Azərbaycan Ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan-Türkiyə birgə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır.

