Cəbhədən Xəbər 

Daha müasir, daha modern, daha güclü…

Ramil Məmmədli: Azərbaycan Ordusu dünyanın ən yaxşı təhcizata malik ordularındandır

Artıq bütün dünyanın gücünü bildiyi, qəbul etdiyi qalib ordumuzun döyüş hazırlığı səviyyəsinin və peşəkarlığının daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi məqsədilə mütəmadi keçirilən təlimlər xüsusi əhəmiyyət daşıyır. Məhz bütün qoşun növləri üzrə qabaqcıl üsulların tətbiqi, müasir döyüş texnikası ilə uzlaşan təlimlər 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizi şərtləndirən ciddi amillərdən oldu. Bu müharibə hərbin yazılmamış “Təlimdə nə qədər çox tər tökülərsə, döyüşdə bir o qədər az qan tökülər” qanununun bütün dövrlərdə aktuallığını qoruduğunu göstərdi. Müharibənin başa çatmasından keçən bir ilə yaxın müddətdə də ordumuzun maddi-texniki bazası ən müasir tələblər səviyyəsində inkişaf etdirilir, silah arsenalı daim təkmilləşdirilir, hərbi təhsil və hərb elmi yeni mərhələyə qədəm qoyur. Azərbaycan Ordusunun qardaş Türkiyə Silahlı Qüvvələrinin, bununla da NATO-nun standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir, iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə, bundan başqa daha bir qardaş ölkə olan Pakistan və qonşu Gürcüstanla birgə davamlı ikitərəfli, çoxtərəfli təlimlər keçirilir.

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, təlimlər orduların döyüş qabiliyyət və bacarıqlarının daha da artırılması məqsədi daşıyır və döyüş vərdişlərini itirməmək üçün davamlı keçirilməlidir: “Türkiyə, Pakistan, həmçinin Gürcüstan Silahlı Qüvvələrinin müvafiq hərbi birləşmələri ilə təlimlərin keçirilməsi ordular və hərbçilər arasında inteqrasiyaya, bilik və bacarığın mübadiləsinə xidmət edir. Dünya praktikasında belədir ki, müharibədən çıxmış bütün ordularda müharibə zamanı aşkar edilərək müəyyənləşdirilmiş hər hansı problemlərin, çatışmazlıqların aradan qaldırılması üzərində iş aparılır. Bu gün Azərbaycan Ordusu açıq müharibədən qələbə ilə çıxmış ordudur və onun yenidən format olunmaq prosesi gedir. Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edən yüksək rütbəli zabitlərin müşahidələri əsasında ön və arxa cəbhədə, təminat məsələlərində müəyyənləşdirilmiş çatışmazlıqlar haqqında yuxarı komandanlığa məruzələr edilib və Müdafiə Nazirliyinin rəhbərliyi həmin məruzələri nəzərə alaraq ordunun yenilənməsini həyata keçirir.” Ekspertin sözlərinə görə, görülən işlər kompleks xarakterlidir və Silahlı Qüvvələrin bütün sahələrini əhatə edir: “Müharibədə yerüstü əməliyyatlarda xüsusi təyinatlı qüvvələr özünü yüksək səviyyədə doğrultduğuna, effektiv nəticələr göstərdiyinə görə, həmin elit bölmələrin sayının artırılması, onların fəaliyyətinin daha da gücləndirilməsi, müasir silah-texnika baxımından yüksək səviyyədə təminatı həyata keçirilir. Diqqət yetirsəniz görərsiniz ki, təlimlərə daha çox cəlb edilən də bu bölmələrdir. Bundan başqa, hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi, onsuz da zəngin olan zirehli texnika parkının daha da müasirləşdirilməsi, pilotsuz uçuş aparatları parkının yenilənməsi diqqətdə saxlanılır. Nəticə etibarilə Azərbaycan Ordusu müharibədən nəticə çıxarmış daha müasir, modern və daha güclü orduya çevrilir.”

R.Məmmədli bildirdi ki, Silahlı Qüvvələrimizin bütün növ hərbi birləşmələrinin silah-texnika təchizatı ilə bağlı zəruri məsələləri həm Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi milli istehsal çərçivəsində, həm də müxtəlif xarici ölkələrdən alınmış müvafiq silah-texnika sayəsində öz həllini tapir: “Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsi, həmin ərazilərdə möhkəmlənmək, yeni hərbi hissələrin, sərhəd zastavalarının yaradılması da qarşıda duran mühüm tapşırıqlardan idi və ötən bir ilə yaxın müddət ərzində bu istiqamətdə də lazım olan bütün işlərin görülməsi təmin edilib və edilir. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan Ordusu dünyanın   modernləşdirilməsi ən sürətlə inkişaf edən, ən yaxşı təchizata malik ordularındandır. Əminliklə söyləyirəm, müharibənin nəticələri aradan qaldırılıb, ordumuzun təchizat və təminatında heç bir problem yoxdur.”

Daha çox xəbərlər