Günün fotosu – Qonşuların aralarındakı hündür hasarlar
Önümüzdə bir foto var, İran və Türkiyənin arasındakı hündür hasarı göstərir.
Hasarın uzunluğu 20 kilometrdir. Bu divarlar əsasən Türkiyənin təşəbbüsü ilə çəkilib, İranla Azərbaycanın arasındakı gərginliyə dəxli yoxdur, tikintisi çoxdan gedirmiş. Sadəcə, hasarın tikintisinin başa çatması bəlli gərginliyin pik dönəminə təsadüf edib.
Bu hasarın, hündür beton divarların inşa edilməsində məqsəd İrandan Türkiyə ərazisinə sızan qaçqınların, qaçaqmalçıların və terrorçuların qarşısını almaqdır.
![]()
Son vaxtlar “bölgədə terrorçu qrupların mövcudluğu”ndan danışan İranda həm narkotik maddə qaçaqçıları, həm də terrorçular, eləcə də ölkədən-ölkəyə adlamaq istəyən qaçqın mühacirlər tüğyan edir və bu ölkənin ərazisindən başqa ölkələrə girməyə çalışırlar.
Qarşımızda başqa bir hasar fotosu da var. Bu da ABŞ-Meksika sərhədində çəkilib. Keçmiş prezident Donald Tramp bu məqsədlə federal büdcədən milyardlarla dollar həcmində vəsait ayırmışdı və buna görə Konqresdə xeyli tənqid olunmuşdu.
![]()
Bu hasarın çəkilməsində də məqsəd təxminən eyni idi: mühacirlərin ABŞ-a qanunsuz girişinin qarşısını almaq, narkotik trafikini əngəlləmək, cinayətkar ünsürlərin ABŞ ərazisində gizlənməsinə mane olmaq və s.
Göründüyü kimi, nə uzaq Amerika qitəsindəki, nə də Ön Asiyadakı qonşu dövlətlər hasarsız, sərhədsiz, çəpərsiz yaşaya bilmirlər.
![]()
Bu foto isə Avropada çəkilib. Belçika və Hollandiyanın sərhədi bir küçənin, hətta bir evin ortasından keçir. Bir adam istəyəndə bir ayağını Hollandiya ərazisinə, o birini Belçika torpağına qoya bilir.
Təəssüf ki, burada belədir və biz bu acı reallıqlarla hesablaşa-hesablaşa yaşamağa məcburuq. Aqressiv, işğalçı, hazıra nazir olmaq istəyən qonşulardan xilas olmaq üçün çəpər də lazımdır, keşikçi də.
Musavat.com

