Əsas səhifə 

Bakını parklar və bağlar şəhərinə çevirək – Prezident tapşırığı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın irəli sürdüyü təşəbbüslər, layihələr bu məqsədə böyük töhfədir

Dayanıqlı inkişafın təmin edilməsi dövlətimizin həyata keçirdiyi siyasətin, gələcəyə hesablanmış inkişaf strategiyasının əsasını təşkil edir. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi bu gün də öz aktuallığını qoruyur, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Artıq Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, işğaldan azad olunmuş torpaqlarımızın malik olduqları potensialdan səmərəli istifadə olunması üçün Milli Prioritetlərin təsdiqlənməsi və digər mühüm sənədlər qarşıya qoyulan məqsədlərə daha yüksək səviyyədə nail olmağa stimul verir. Ümumilikdə inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir. Regionlarla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul olunub və icrası uğurla başa çatdırılıb. Bunlar 2006-2007, 2011-2013, 2014-2016-cı illəri əhatə edirdi. Dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratdı. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoydu, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradıldı, yeni iş yerləri açıldı, əhalinin həyat səviyyəsi daha da yüksəldi.

Dövlət başçısı İlham Əliyev ötən ilin əvvəlində Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən diqqəti uğurlu nəticələrə yönəldərək bildirmişdir ki, şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarıyam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir: “Vəzifə ondan ibarət idi ki, biz Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər.”

Paytaxt və bölgələrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin miqyasının genişliyi göz önündədir. Ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi, ekoloji tarazlığın qorunması tədbirlərinə Heydər Əliyev Fondunun irəli sürdüyü təşəbbüslər, layihələr və onların uğurlu icrası böyük töhfədir. Məlum olduğu kimi, Azərbaycanın zəngin təbiətinin mühafizə edilməsi, ekoloji mənbələrlə bağlı ictimai maarifləndirmə, fəallığın artırılması və bununla təbiətimizin gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2011-ci ildə IDEA İctimai Birliyini təsis etmişdir. Onun rəhbərliyi altında IDEA Azərbaycanda “yaşıl” hərəkatının aparıcı qüvvəsinə, ətraf mühit üzrə fəaliyyətin regional mərkəzinə, mötəbər beynəlxalq təşkilatların etibarlı tərəfdaşına çevrilib. Son illər IDEA İctimai Birliyinin təşəbbüsü ilə respublika ərazisində 5 milyondan çox ağac əkilib, ekoloji tədbirlər, sənaye və məişət tullantılarının azaldılması, o cümlədən sahibsiz heyvanlar üçün sığınacaqların təşkili istiqamətində bir çox layihələr həyata keçirilib. Oktyabrın 7-də yenidənqurmadan sonra açılışı olan Bakı Zooloji Parkı da məhz Leyla Əliyevanın təşəbbüsünün nəticəsidir. Bakı Zooloji Parkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi qeyd edilir. Zooparkın əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii populyasiyası və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün münbit şərait yaradılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

Parkların sayına görə paytaxt Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Onu da bildirək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format – məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb.

Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar. Ölkəmizə gələn qonaqlar da Bakının gözəlliyini, müasirliyi və qədimliyi özündə sintez etdiyini xüsusi qeyd edirlər. Azərbaycanın ənənələri olan ölkə kimi təqdim olunması, tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımların təqdir edilməsi həyata keçirilən siyasətin düzgünlüyünün və məqsədyönlülüyünün bariz nümunəsidir.

Bu mühüm məqam da dövlət başçısının gündəmdə saxladığı məsələlər sırasındadır ki, Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Bakı və Bakıətrafı qəsəbələrdə, rayonlarda bütün infrastruktur yaradılmalıdır. “Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq” söyləyən cənab İlham Əliyev qeyd edir ki, ilk növbədə, ölkə vətəndaşlarının problemlərini həll etməliyik.

Bakı və Bakıətrafı qəsəbələrlə yanaşı, bölgələrin də sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastrukturun yeniləşdirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması, özünüməşğulluğun təminatı və sair kimi addımlar paytaxt və bölgələr arasında fərqin aradan götürülməsini, həmçinin bölgələrdən şəhərə axının qarşısının alınmasını şərtləndirir.

Qısa təhlil Bakının beynəlxalq maliyyə qurumlarının hesabatlarında reytinqlərinə bir daha aydınlıq gətirir. Bakının təhlükəsiz ölkə olması beynəlxalq səviyyədə də etiraf olunan reallıqlar sırasındadır. Həmçinin Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqları sırasında yer alır. Təbii ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsasında saxlayan, hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən dövlət başçısına xalqın sevgisi hüdudsuz olacaq. Eyni zamanda, gələcəyə böyük hədəflərlə addımlayan cənab İlham Əliyevin daim vurğuladığı kimi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi yeni-yeni layihələrə yol açır. Bakı füsunkar gözəlliyi, təhlükəsiz şəhər olması ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin uğurlu siyasəti qarşıdakı illərdə daha böyük uğurlara imza atacağımıza böyük əminliklər yaradır. Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini şərtləndirən amilləri diqqətə çatdıran cənab İlham Əliyev bildirir: “Əsas vəzifəmiz, – mən bu vəzifəni çox ciddi qoymuşdum, – ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.”

Hazırda ölkəmizin həyatında yeni dövr başlanıb- işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərimizin dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq qurulmasında da tarixlə müasirliyin vəhdəti yüksək səviyyədə qorunur. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil məhz bugünkü uğurlarımızdır. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi fərəhləndiricidir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir.

Daha çox xəbərlər