Narkotik xassəli bitkilərin məhv edilməsi sağlam gəncliyin təminatıdır
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cu illər üçün Dövlət Proqramı”nın icrası məqsədi ilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-cu il üçün İş Planı təsdiq edilmişdir.
İş Planının 16-cu bəndinə uyğun olaraq, cari ilin yanvar-oktyabr ayları ərzində narkotik xassəli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar edilib məhv edilməsi məqsədi ilə yerli hakimiyyət və inzibati orqanlarla birlikdə “Xaş-xaş 2021” şərti adı altında xüsusi axtarış tədbirlərində iştirak etməklə təsərrüfatlara, həyətyanı sahələrə və ərazilərə baxış reydləri keçirilmişdir.
Reydlər zamanı becərilən torpaq sahələrində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı hallarda müvafiq məlumatlar, həmçinin bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və videomateriallar tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilmişdir.
Nazirliyin rayon təşkilatlarının mütəxəssisləri tərəfindən ictimaiyyət arasında, məktəblərdə izahat işləri aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında marifləndirmə işləri və narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmişdir.
Nazirliyin aidiyyəti mütəxəssisləri tərəfindən İsmayıllı, Lənkəran, Cəlilabad, Ağdaş, Yardımlı, Yevlax, Zaqatala, Salyan, Neftçala, Quba, Xaçmaz və Göyçay rayonlarında, eləcədə Şirvan və Gəncə şəhərlərində kənd təsərrüfatı bitkilərinin toxum satışı obyektlərində reydlər keçirilmişdir.
Görülmüş işlər nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə cari ildə xeyli miqdarda yaşıl kütlə halında narkoxassəli bitkilər aşkarlanaraq məhv edilmişdir.
Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ilə birlikdə Nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun İsmayıllı şəhər sakini Mirzəyev Elvin Ayaz oğlu tərəfindən Qalınçaq kəndi yaxınlığında yerləşən meşə ərazisində açıq torpaq sahəsində 450 ədəd, eləcə də polietilen torbalarda isə 24 ədəd olmaqla cəmi 474 ədəd narkotik tərkibli bitki aşkar olunmuş və kökündən çıxarılaraq məhv edilmişdir. Əməliyyat tədbirləri zamanı Kürdmaşı kənd sakini Ağayeva Fəridə Yapon qızı tərəfindən rayonun yaşayış evinin həyətyanı sahəsində 7 ədəd torpaqda və 3 ədəd isə dibçəkdə olmaqla 10 ədəd aqrotexniki qaydada narkotik tərkibli bitkilər aşkar olunmuş və kökündən çıxarılaraq məhv edilmişdir. Əməliyyat tədbirləri zamanı, həmçinin rayonun Qubaxəlilli kənd sakini Quliyev Emil Məzahir oğlu tərəfindən yaşayış evinin həyətyanı sahəsində 24 ədəd torpaqda və 1 ədəd isə dibçəkdə olmaqla cəmi 25 ədəd narkotik tərkibli bitki aşkar olunmuş və kökündən çıxarılaraq məhv edilmişdir.
Zərdab RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Alıcanlı kənd sakini Orxan Əmirova məxsus kənd ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 2 kiloqram 105 qram olan 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb məhv edilmişdir.
Hacıqabul RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Hacıqabul şəhər sakini Mübariz Abasova məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar olunaraq götürülüb məhv edilmişdir.
Xaçmaz RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda rayonun Nabran kənd sakini Ruslan Xanbabayevə məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 428 ədəd çətənə kolu aşkar olunaraq götürülüb məhv edilmişdir.
Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda rayonun Zarat kənd sakini Ramil İlyasovun yaşayış evinin yaxınlığında yerləşən və nəzarət etməsi üçün ona tapşırılan bağ sahəsinə baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 120 ədəd çətənə kolu aşkar olunaraq götürülüb məhv edilmişdir.
Qax RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdikləri əməliyyat tədbirləri zamanı rayonun Əlibəyli kəndinin “Vəliyəddin çölü” ərazisində 120-125 m2 sahədə 100-200 sm hündürlüyündə 4250 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkar olunmuş və kökündən çıxarılaraq məhv edilmişdir.
Qax RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Çudullu kəndinin ərazisində 0.6 ha sahədə 60-170 sm hündürlüyündə 10300 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkar olunmuş və kökündən çıxarılaraq məhv edilmişdir.
Qusar RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdikləri əməliyyat tədbirləri zamanı rayonun Qusar şəhər sakini Ağakərimov Nazim Ağakərim oğlunun yaşayış evindən 17 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitki aşkar olunmuş və kökündən çıxarılaraq məhv edilmişdir. Əməliyyat tədbirləri zamanı rayonun Mucuq kənd sakini Şixmətov Nadir Şixmət oğlunun yaşayış evindən 25 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitki aşkar olunmuş və kökündən çıxarılaraq məhv edilmişdir.
Nazirlik tərəfindən kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə rayonlarda keçirilmiş seminar və müşavirələrdə aqrar islahatların nəticəsində yaranmış bütün özəl qurumlarla narkomanlığın insanlara vurduğu ağır ziyanların nəticələri barədə söhbətlər aparılmış, onlarının qarşısının alınması sahəsində Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamının əhəmiyyətini nəzərə alıb əhali arasında təbliğatın genişləndirilməsi, yerli inzibati orqanlarla əlaqəli şəkildə ərazilərdə narkotik tərkibli bitkilərin aşkar olunub məhv edilməsi istiqamətində mübarizə işlərinin gücləndirilməsi tövsiyə olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səlahiyyətləri daxilində aidiyyəti qurumlarla birlikdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”nın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
Saleh Zərbaliyev,
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin baş məsləhətçisi

