Azadlığın mübarək, Hadrut! FOTO
2020-ci ilin 27 sentyabrından hər gün gözlərimiz mavi ekranlara yönəlirdi. 44 günlük Şanlı Qələbənin hər dəqiqəsini səbrsizliklə gözləyirdik.
Oktyabrın 9-da gözlədiyimiz xəbər gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi: “Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər.”
2020-ci ilin oktyabrın 9-u günü də Şanlı Qələbəmizin tarixinə özünü Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və 8 kəndi işğaldan azad etməsi ilə yazdı. Azərbaycan qoşunları Xocavənd rayonunun Hafrut qəsəbəsi yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hərbi cəhətdən mühüm strateji əhəmiyyətə malik olan Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdıqdan sonra çıxışı zamanı bildirmişdi ki, Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi: “Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi”.
Qeyd edək ki, bir neçə ay öncə “İki sahil”in çəkiliş qrupu olaraq qəhrəman hərbçilərimizin qanları, canları bahasına düşmən işğalından azad etdikləri, dillər əzbəri olan Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər etmişdik.
“İki çay arasında” mənasını verən Hadrut qəsəbəsinin hər qarışında müharibənin izləri görünürdü. Bildiyiniz kimi, ermənilər buranı şanlı əsgərlərimiz qəsəbəni mühasirəyə alanda, yəni son anda tərk ediblər. Buna baxmayaraq yenə də öz xislətlərindən əl çəkməyərək ən son məqamda da belə qəsəbəyə müəyyən qədər ziyan vurublar. Amma onlar bütün bunlara baxmayaraq Hadrutun gözəlliyinə, füsünkar təbiətinə kölgə sala bilməyiblər. Hadrut ermənilərin nəyin bahasına olursa-olsun Azərbaycana qaytarılmayacağını düşündükləri yaşayış məntəqələrindən biri idi. Burada yaşayan ermənilər Cəbrayıldan, Füzulidən, Zəngilandan və Qubadlıdan daşıdıqları materiallar ilə özlərinə çox gözəl şərait qurmuşdular. Hər tərəfdən dağlarla əhatə olunmuş Hadrut Qozluçay dərəsində yerləşir.
Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olunduqdan və Vətən müharibəsi başa çatdıqdan dərhal sonra azad edilmiş digər yaşayış məntəqələrində olduğu kimi, bu qəsəbədə də infrastrukturun bərpasına başlanılıb.
Coğrafi mövqeyinə, füsunkar təbiətinə hər zaman həsəd aparan ermənilər Hadrutda mümkün qədər çox məskunlaşmağa çalışmışdılar. Lakin, Qalib Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarını şərəf və ləyaqətlə yerinə yetirərək işğalçı ermənilərin bu torpaqlarla bağlı arzularını puç etdi və ərazi bütövlüyümüzü bərpa etdi.











