Siyasət 

İran məscidləri donuz damına çevirən təcavüzkar dövlətə nəfəslik verməkdən əl çəkməlidir – Elşad Musayev

«Fars şovinizmi həmişə azərbaycanlılara qarşı qərəzli mövqedə olaraq ölkəmizə qarşı ikitərəfli oyun oynayıb. Bir tərəfdən bizə qardaş deyir, o biri tərəfdən isə ölkəmizi işğala məruz qoyan, təcavüzkar dövlətə hərtərəli yardım göstərib. İranda yaşayan çoxmilyonluq azərbaycanlıların öz dillərində birdənə məktəbi yoxdur. Orada yaşayan azərbaycanlıların nə dil, nə də mətbuat azdlığı var. Beş-üç erməninin isə İranda öz dillərində həm məktəbləri, həm də mətbu orqanları var.»

Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

E.Musayev qeyd edib ki, Azərbaycan bütün qonşu dövlətlərlə normal münasibətlər qurulmasının tərəfdarıdır və bu istiqamətdə səmimi siyasət yürüdür. Ancaq bizim səmimiyyətimizdən sui-istifadəyə yol vermək olmaz. İranın Qarabağdakı terrorçu ünsürlərə bu və ya digər formada dəstək verməsinin qarşısının tamamilə alınması üçün bütün lazımi addımlar atılır və gələcəkdə də davam edəcək.

Partiya sədri vurğulayıb ki, Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir, heç bir xarici qüvvə onu yolundan döndərə bilməz. Bu səbəbdən də öz ərazisində hər hansı qanunsuz hərəkətin qarşısını almaq dövlətin birbaşa müstəsna hüququdur. Beləliklə, bölgədə və Azərbaycanda gedən son proseslərdən görünür ki, Azərbaycanın güclənməsi, müstəqil siyasət yürütməsi və ölkədaxili situasiyanın normal olması bəzi xarici dövlətlərə sərf etmir. Buna görə də, müxtəlif yollarla gərginliyin artmasına rəvac verirlər. Azərbaycan hakimiyyəti bu kimi halların qarşısını qətiyyətlə almaq iqtidarındadır. Azərbaycan güclü, möhkəm, dövlət sisteminə, xalq həmrəyliyinə malik olmasını 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: «Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır – həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi». Hesab edirəm ki, bu fikir uğurlarımızı sevməyənələ bir şillədir.

Elşad Musayev diqqətə çatdırıb ki, çox təəssüflər ki, özünü İslam dövləti adlandıran İran müsəlmanların məscidlərini donuz damına çevirən, İslam mədəniyyətinə aid tarixi abidələri yerlə-yeksən edən, müsəlman qadın və uşaqlara amansız işgəncə verərək qətlə yetirən işğalçı dövlətə bu gün də yardım etməkdə, iqtisadi, siyasi, hərbi dəstək verməkdə davam edir. Görəsən, Azərbaycana qarşı gündə bir bəyanat, fətva verən İranın çoxsaylı molla ordusu  dövlətinin bu çirkin, dinsiz əməllərini  niyə susqunluqla qarşılayır?

Bütün bunlara rəğmən, Azərbaycan dövləti hər zaman İranla səmimi əlaqələrin qurulmasına hazır olduğunu nümayiş etdirib. Azərbaycan ictimaiyyəti istəyir ki, İran özünü nümayiş etdirdiyi simada – həqiqi İslam təəssübkeşi kimi aparsın. Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlamış, məsçidlərini donuz damına çevirərək təhqir edən təcavüzkarlara nəfəslik verməkdən əl çəksin. Yalnız bu halda İran hər fürsətdə elan etdiyi islami dəyərlərə sadiq olduğunu nümayiş etdirə bilər.

Daha çox xəbərlər