Amerikanın “The Algemeiner“ nəşri Azərbaycan-İsrail münasibətlərindən yazıb
Amerikanın “The Algemeiner“ nəşrində “JNS – Jewish News Syndicate” onlayn jurnalının baş redaktoru Conatan Tobinin məqaləsi dərc edilib. Materialda Azərbaycan-İsrail münasibətlərindən və Azərbaycanın İsrafil üçün əhəmiyyətindən bəhs edilir.
ARANTV.AZ xəbər verir ki, Tobin Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verəndən sonra bu regionun ABŞ və İsrail üçün strateji əhəmiyyəti haqqında söhbət açır.
Keçən ay İran hökumətinin Azərbaycan sərhədinin yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirməsi icmalçıların və dünya ictimaiyyətinin diqqətini cəlb edib. Məqalə müəllifi bu regionda yeni reallıqları şərh edərək vurğulayır ki, Azərbaycanın Qarabağ regionu Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişənin mərkəzi olub. Azərbaycan öz suveren ərazisini xaricdən müdaxilədən qoruyub və keçən il yenidən başlanmış döyüş əməliyyatları zamanı öz ərazi bütövlüyünü bərpa edə bilib.
Tobin yazır ki, Azərbaycan üçün İsrail hərbi texnika ilə təminatın və təlimlərin faydalı mənbəyidir. İsrail-Azərbaycan alyansı beynəlxalq mətbuatda o qədər də işıqlandırılmadığına baxmayaraq bu alyans inkişaf edir. Nəticədə Qafqazda yeni qüvvələr balansı yaranıb. Ermənistan vaxtaşırı olaraq bu balansı dəyişməyə cəhd göstərsə də, vəziyyət nisbətən sabitdir.
Məqalədə Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfəri barədə də məlumat verilir, qeyd olunur ki, dövlət başçısı Cəbrayılda olarkən İsrail istehsalı olan “Harop” dronunun fonunda şəkil çəkdirib.

