Siyasət 

“Avtobusa minməyən” müxalifət kimin “arabasındadır?”

Ötən həftə Şuşaya gedən müxalifət partiyalarının rəhbərləri bir daha ümummilli məsələlərdə iqtidar-müxalifət ayrılığının olmadığı mesajını vermiş oldular. Hələ 44 günlük müharibə zamanı başlamış bu prosesdən özünü kənarda saxlayanlar isə daha bir ümummilli məsələ-İranın Azərbaycana qarşı təhdidlərinə ya susqunluq nümayiş etdirir, ya da yalnız ümumi sözlərlə kifayətlənir, hətta iqtidarı yanlış xarici siyasət aparmaq cəhdində suçlamaq cəhdləri də nəzərdən qaçmır.

Daha bir maraq doğuran məsələ İran mövzusunun gündəmdə olduğu vaxt ən müxtəlif bəhanələrlə iqtidarın üzərinə getmək, cəmiyyətdə əlavə gərginlik, narazılıq yaratmaq cəhdləridir. Yenə xırda qrup halında küçələrə çıxaraq hansısa siyasi dustaqlar olmasına etirazlar təşkil edilir, polislə süni qarşıdurma yaratmaq, həbslərə rəvac vermək və sonra müxalifət fəallarına “görünməməiş basqılar” olunması haqda hay-küy salmaq cəhdləri ortadadır. Sanki onlar da fürsət gözləyirmişlər kimi, İranın və Avropadakı “insan haqları” deyib bağıran digər bədxahlarımızın dəyirmanına su daşımaqla məşğuldurlar. Bu məsələdə xüsusilə AXCP fəallıq göstərir, xırda qruplarla təşkil etdiyi icazəsiz aksiyalardan sonra hətta “dini fəalların” həbs edildiyini bəyan edir. Bu cür təxribatlarda isə “İran xəttini” gizlətmək mümkün olmur. Bu qüvvələr niyə belə həssas məqamda fəallaşıblar? Guya dindarların da həbs edildiyi xəbərlərinin tirajlanması təsadüfdürmü? Bu siyasi dairələr kimlərin “arabasındadırlar?”

YAP-çı deputat Ceyhun Məmmədov bu cür halların yolverilməz olduğunu qeyd etdi: “Hesab edirəm ki, hazırkı vəziyyətdə bizim qarşımızda duran əsas məsələlərdən biri əldə etdiyimiz qələbəni möhkəmləndirməkdir. Azərbaycan tarixində ən böyük uğurlarından, zəfərlərindən birini əldə edib. Hazırkı dönəmdə Azərbaycanın yaratdığı siyasi reallıq  bir sıra dövlətlər tərəfindən birmənalı qarşılanmır. Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq cəhdləri hiss olunur. Hazırda biz rayonlarımızı işğaldan azad etmişik. Burada quruculuq işləri həyata keçirilir. Hər kəsin bir mövqedən çıxış etməsinə böyük ehtiyac var. Bu gün bizim qarşımızda duran əsas missiya, vəzifə bunu daha da gücləndirməkdir. Ümummilli məsələlərdə bir olmalıyıq. Hamı vahid mövqedən çıxış etməyi bacarmalıdır. Qarşımızda duran ən mühüm məsələlərdən biri də budur. Müxalifət ola bilər. Amma bu düşərgə ümummilli məsələlərdə vahid mövqedən çıxış etməyi bacarmalıdır. Təəssüflər olsun ki, bir sıra hallarda biz bunu görmürük. Hazırkı İran-Azərbaycan münasibətlərində gərginlik kontekstində hesab edirəm ki, bu cür yanaşmalar kökündən yanlışdır.

Ceyhun Məmmədov medalla təltif edilib

Ceyhun Məmmədov: “Bu düşərgə ümummilli məsələlərdə vahid mövqedən çıxış etməyi bacarmalıdır”

Hətta kiçik aksiyaların keçirilməsi, ittihamların səsləndirilməsi belə yolverilməzdir. Həmrəyliyimizə, birliyimizə xələl gətirən bütün yanaşmalardan uzaq durmalıyıq. Kiminsə dəyirmanına su tökməkdən hər kəs uzaq olmalıdır. Vahid mövqeyə doğru irəliləməliyik. Bu gün ölkəmizdə islahatlar həyata keçirilir. Hansısa sahədə problem varsa, onlar müəyyənləşdirilir, qarşısı alınır. Dövlət addımlarını atmaqdadır. Bəzi məsələləri qərəzli olaraq qabartmaq, bununla dövlətin üzərinə gəlmək kökündən yanlışdır. Biz vahid bir hədəfə, nöqtəyə doğru getməliyik. Bu gün Türkiyədə də, Rusiyada da müxalifət var. Amma onlar ümummilli məsələlərdə birlik nümayiş etdirirlər. Yəni məsələləri şəxsi müstəviyə qaldırmırlar. Bu gün ölkəmizdə müxalifətlə təmasları gücləndirmək üçün Prezident Aparatında ayrıca bir şöbə yaradılıb. Ədalət Vəliyev bu şöbəyə rəhbərlik edir. Hiss olunur ki, bu şöbə partiyalar arasında əməkdaşlığı gücləndirmək, onların fəaliyyətini daha yaxşı qurmaq üçün səylə çalışır. Onlarla müxtəlif görüşlər, fikir mübadiləsi aparılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda bu sahədə çox ciddi irəliləyişlər var. Dövlət də maraqlıdır ki, birgə fəaliyyət olsun. Hamı çalışmalıdır ki, birgə fəaliyyət olsun. Hansısa məsələ ilə razılaşmasalar fikirlərini bildirə bilərlər, dövlət də buna uyğun addımlar atar. Bunun üçün dialoq mühiti var. Başqa addımların atılması cığallıqdan doğur və həmrəyliyə xələl gətirə biləcək fəaliyyətdir”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Bunlar “beşinci kolon” arabasındadırlar”

ALDP rəhbəri Fuad Əliyev: “Partiya olaraq biz həmişə dövlətin, xalqın maraqlarını üstün tutmuşuq. ALDP hakimiyyətin daxili siyasətini həmişə tənqid edib, amma ümummilli məsələlərdə dövlətin yanında olmuşuq. İran torpaqlarımızın işğal dövründə ermənilərə hərtərəfli dəstək verib, Vətən müharibəsi zamanı bizim haqlı olduğumuzu dilə gətirmədi, müharibə bitənə yaxın, bir bəyanat verdilər ki, bizim ərazi bütövlüyümüzü tanıyırlar. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra mədəniyyət və digər adda müxtəlif mərkəzlər açaraq, agentura şəbəkələri yaratdılar. Bu mərkəzlər bizim xalqımıza, dövlətimizə qarşı fəaliyyət göstərib. Son günlər İranın Azərbaycana hədə-qorxu gəlməsini görərək bir çox partiyalar bəyanat verib bunu pislədilər, dövlətimizə dəstək verdilər. Amma elə partiyalar var ki, susublar və yaxud hakimiyyətin İranla bağlı verdiyi bəyanatları səhv adlandırıblar. Bu da onu göstərir ki, bu təşkilatlar təkcə Qərbin yox, İran və digər ölkələrin təsiri altındadırlar. Bunlar öz agentlərini bəzi partiyalara və hərakatlara yerləşdiriblər. Bu agentura şəbəkələri ifşa olunmalıdır. Bunlar ”beşinci kolon” arabasındadırlar”.

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü: “SİYASİ BARIŞ ÜÇÜN  FƏALLIĞIMIZI ARTIRACAĞIQ" - Müsahibə

Elxan Şükürlü: ““Müxalifətin Müaviyəsi” missiyasını öz üzərinə götürənlər var”

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün bu istiqamətdəki fikirləri həm sərtdir, həm də maraqlıdır: “Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin normallaşmamasını, qarşılıqlı düşmənçiliyin olmasını ən çox istəyən, bunu yaradan və idarə edən xarici güc mərkəzləri, onların xüsusi xidmət qurumlarıdır. Çünki iqtidar-müxalifət düşmənçiliyi həmin çevrələrə Azərbaycanda daha rahat fəaliyyət imkanı verir. Müxalifətçilik bir növ onlar üçün pərdə, örtük funksiyası daşıyır. Ona görə də həmin mərkəzlər, xüsusi xidmət qurumları həmişə çalışırlar ki, Azərbaycanda iqtidarla müxalifət bir araya gəlməsin, siyasi zəmində düşmənçilik davam etsin və milli birlik olmasın. Bunu başa düşən, anlayan siyasi təşkilatlar 44 günlük Qarabağ savaşında və ondan sonrakı müddətdə birmənalı olaraq öz dövlətinin, hərbi əməliyyatları və sülh prosesini uğurla aparan hakimiyyətin yanında yer aldılar, hər hansı şərt irəli sürmədən dialoq prosesinə qatıldılar. Ancaq kimlər ki, xarici kəşfiyyatın şəbəkəsinə daxildilər, ixtiyarları öz əllərində deyil və müstəqil qərar qəbul edə bilmirlər, onlar müxtəlif bəhanələr gətirərək dialoqdan yayındılar. Bir qədər də dəqiq desək, sahibləri onlara hakimiyyətlə dialoqa getməyə imkan vermədi. Çünki dialoq barışa, münasibətlərin yumşalması və düşmənçiliyin götürülməsinə aparan yol idi. Bu isə Azərbaycan hakimiyyətini davamlı təzyiq altında saxlamaq istəyənlərin maraqlarına uyğun deyildi, ona görə də öz şəbəkəsini dialoq prosesinə buraxmadılar. İndi müxtəlif bəhanə və şərtlərlə dialoq prosesindən yayınanların davranışları mənə İslam tarixindəki məşhur Fitnə Dövrünü və ”Müaviyə üsulu”nu çox xatırladır. 656-cı ildə üçüncü xəlifə Osmanın qətlə yetirilməsindən sonra özü xəlifə olmağa can atan Şamın valisi Müaviyə də Həzrəti Əliyə biyət etməmək və qiyam qaldırmaq üçün elə bəhanə gətirir və şərt irəli sürürdü ki, onun qəbul edilməsi heç cür mümkün deyildi. Hazırda bizdə də eynən “Müxalifətin Müaviyəsi” missiyasını öz üzərinə götürənlər var və onlar dialoqda iştirak üçün elə şərt irəli sürürlər ki, öncədən onu hakimiyyətin qəbul etməyəcəyini bilirlər. Çünki onlara dialoq yox, fitnə gərəkdir. Mayası haramdan yoğrulmuş, bütün “nailiyyətləri”ni əvvəlcə dostlarına, sonra ölkəsinə xəyanət və satqınlıq etməklə qazanmış bu fitnəkarlar dialoqa gedənləri də ictimai rəydə qəsdən aşağılayır, təhqir edirlər ki, heç kim hakimiyyətlə barışa, dialoqa can atmasın, ölkədə milli birlik mühiti yaranmasın. Axı milli birlik olacağı təqdirdə, belə adamlara yer olmayacaq. Ona görə də bu fitnəkar dəstə ölkədə qarışıqlıq yaratmaq istəyən istənilən xarici gücün maraq dairəsindədir. Bunu bildiklərindən, ölkə üçün hər kritik situasiyada istənilən xarici gücə öz xidmətlərini təklif edir, bir növ, qarışıqlıq yaratmaq istəyənlərin avanqardı, ön briqadası kimi çıxış edəcəklərinin mesajını verirlər. 44 günlük Qarabağ savaşı və ondan sonrakı dövrdəki davranışlar hamının sifətini açıb, artıq müxalifətçilik çətiri altında gizlənmiş bu xain şəbəkədə kimlərin yer aldığını ağlı başında olan hər kəs yaxşı görür”.

Daha çox xəbərlər