Əsas səhifə 

Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır

Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində yer alan bu fikri  hər bir azərbaycanlıda böyük fəxr, qürur hissi yaradır

Xəbər verildiyi kimi, oktyabrın 7-də Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində işğaldan azad edilmiş ərazilərə yatırılan sərmayələrlə bağlı məlumat verib: “Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq.”

Prezident İlham Əliyevin bir müdrik fikrini xatırlatmaq yerinə düşər. Dövlət başçısı deyib ki, Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, yol-nəqliyyat, enerji təchizatı və s. infrastruktur layihələrinin həyata keçirilməsi, vətəndaşların öz torpaqlarına tezliklə qayıtması məsələləri prioritet vəzifə kimi müəyyən edilib. Bu istiqamətdə ciddi səylər göstərilir və böyük resurslar səfərbər olunub.

Bu gün işğaldan azad olunan torpaqlarda misli görünməmiş işlər həyata keçirilir. Bir tərəfdən azad edilmiş ərazilərimiz minalardan təmizlənir, digər tərəfdən də genişmiqyaslı və sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Yollar çəkilir, beynəlxalq hava limanları, tunellər inşa edilir, yüksək standartlara cavab verən infrastruktur qurulur.

Azad edilmiş ərazilərə dövlət büdcəsindən 2021-ci il üçün təqribən 2,2 milyard manat (1,3 milyard ABŞ dolları) həcmində nəhəng sərmayə qoyuluşu nəzərdə tutulub. Digər daxili mənbələrdən də vəsaitin cəlb edilməsi istiqamətində işlər görülür. Növbəti illərdə də gözlənilir ki, büdcə bu istiqamətdə maliyyələşdirməni uğurla həyata keçirəcək. Bütövlükdə, bu gün Qarabağda, eləcə də Şərqi Zəngəzurda reallaşdırılan işlər ancaq daxili mənbələr hesabına həyata keçirilir. Azərbaycan xaricdən hər hansı bir borc almadan, heç bir asılılıq olmadan öz daxili imkanları hesabına Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur və müasir, beynəlxalq standartlara uyğun infrastruktur formalaşdırır.

Hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində Azərbaycanın haqq işinə dəstək olan ölkələr də iştirak edirlər. Təbii ki, Azərbaycan şirkətləri də bu prosesdə fəallıq nümayiş etdirirlər, infrastruktur layihələrinin formalaşmasında və icrasında yaxından iştirak edirlər. Qardaş Türkiyəni təmsil edən şirkətlər bu prosesin fəal üzvüdür. İtaliya şirkətləri isə enerji şəbəkəsinin formalaşmasında iştirak edirlər. Bu baxımdan Azərbaycan elan etdiyi kimi, məhz birmənalı şəkildə savaş zamanı haqq işinə dəstək olan ölkələrin bərpa və yenidənqurma prosesinin daha fəal şəkildə iştirakında maraqlıdır və bu istiqamətdə intensiv işlər həyata keçirilir.

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində sözügedən mövzu ilə bağlı, həmçinin qeyd edib ki, hazırda biz avtomobil və dəmir yolları inşa edirik: “Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.”

Dövlət başçısı vurğulayıb ki, “Məskunlaşma və Böyük Qayıdış” proqramı artıq icra olunur. Çünki infrastrukturun formalaşması Böyük Qayıdışın bir mərhələsidir. Ümumiyyətlə, məskunlaşma 4 mərhələdə həyata keçiriləcək. Birincisi, minadan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsidir. Bununla bağlı işlər davam etdirilir. İkinci istiqamət infrastrukturun formalaşmasıdır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ondan xəbər verir ki, intensiv şəkildə infrastruktur formalaşdırılır. Nəqliyyat və logistika layihələri infrastrukturunun formalaşdırılması intensiv şəkildə və kifayət qədər sürətlə həyata keçirilir. Formalaşdırılmış infrastruktur da müasir standartlara uyğun olaraq reallaşır. Digəri isə təbii ki, sosial obyektlərin, inzibati binaların və eləcə də yaşayış evlərinin inşasıdır. Dördüncü mərhələ isə məskunlaşmadır. Bu baxımdan prosesin intensiv şəkildə həyata keçirilməsi ondan xəbər verir ki, məskunlaşma proqnozlaşdırıldığından və ya bizim gözlədiyimizdən daha tez baş verəcək. Xüsusən də artıq Zəngilanda ilk “ağıllı kənd”in qurulması həyata keçirilir. Bu da ondan xəbər verir ki, artıq “ağıllı kənd” tam formalaşandan sonra biz paralel olaraq məskunlaşma prosesinə də başlayacağıq. Amma təbii ki, məskunlaşma mərhələli şəkildə həyata keçirilən bir prosesdir. Azərbaycanın mövcud gücü, iqtisadi potensialı imkan verir ki, müasir standartlara uyğun infrastrukturu formalaşdırmaqla məskunlaşma prosesini daha intensiv şəkildə, gözləniləndən qısa müddətdə həyata keçirə bilsin.

Daha çox xəbərlər