Əsas səhifə 

Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil bu ruhda tərbiyə almalıdır

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri torpaq sevgisi, Vətənə bağlılıqdır

“Milli-mənəvi dəyərlərini qoruyub inkişaf etdirməyən millət, həqiqi millət, həqiqi xalq ola bilməz”. Bu dahi kəlam azərbaycançılıq ideologiyasının banisi ulu öndər Heydər Əliyevə məxsusdur.

Azərbaycançılıq, ölkənin müstəqilliyi, milli-mənəvi dəyərlərə sadiqlik Azərbaycan xalqının ideologiyasıdır. Bu ideologiyanın əsası Azərbaycanı Vətən hesab edən bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyasıdır. Azərbaycançılığın dünyadakı bütün azərbaycanlıları birləşdirmək ideologiyasına çevrilməsi, müstəqil Azərbaycan dövlətinin ideoloji əsası ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndər Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq ideologiyasının geniş ictimai dəyər qazanması üçün onu bütün soydaşlarımız arasında yaymağa, onlara bu dəyərləri aşılamağa çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətində və digər sahələrdə xalqımızın ruhunu, tarixini, milli -mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaradıldı.

Heydər Əliyev siyasətinin layiqli davamçı Prezident İlham Əliyev hakimiyyətə gəldiyi – 15 oktyabr 2003-cü ildən bəri əməli işi ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Ali Baş Komandanın atdığı hər addım, ali kürsülərdən səsləndirdiyi hər fikir, irad, tələb, həyata keçirdiyi layihələr və s. məhz Azərbaycanın parlaq gələcəyinə, sürətli inkişafına xidmət edib.  “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən ümummilli lider Heydər Əliyevin başlatdığı bütün işləri Ali Baş Komandan uğurla davam etdirir.

Azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edən Prezident İlham Əliyev bəyan edir: “Bu gün çətinliklərlə üzləşən qloballaşan dünyada milli dəyərlərimiz dövlətçiliyin əsasını təşkil edir. Dövlətçiliyimiz möhkəm ideoloji əsaslara söykənir. Azərbaycançılıq ideyası əsas ideoloji dayağımızdır ”.

Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil bu ruhda tərbiyə almalıdır. Dəyərlərinə sadiqliyi ilə tanınan Azərbaycan xalqının ürəyi Vətən sevgisi ilə dolu olan övladları əsrlər öncəsində olduğu kimi, indi də Vətənini qorumaq, onu ucaltmaq üçün hər fədakarlığı edir, hər çətinliyə sinə gərir. Əcdadımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya öz birliyimizi, bərabərliyimizi, Vətən sevgimizi göstərdik. Vətən sevgisindən mayalanmış igidliklə region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti bir daha tanıtdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı Qələbəyə səsləyən rəhbər çağırışı oldu. Bu Qələbənin qazanılmasında  Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Ötən 18 il ölkəmiz və bölgəmiz üçün həlledici illər idi. Xüsusilə də son illərdə  respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altında inləyən torpaqlarımızın yağılardan xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.  Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi. Əlbəttə ki, Qələbənin əldə edilməsini şərtləndirən amillər çoxdur. Ən əsas amil ancaq iqtisadi cəhətdən güclü  olan dövlət öz güclü ordusu və müasir silahları ilə cəmi 44 gün ərzində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, tələləri asanlıqla dəf edərək  Zəfər qazana bilər. Bu amillərin əsasında, eyni zamanda, torpaq, Vətən sevgisi dayanır. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz xalqımızın torpaq  sevgisinin nümunəsidir.

Milli-mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Təkcə tarixi Zəfərimizdən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qarbağımızın tacı Şuşamızda təşkil olunan tədbirlərin miqyasına diqqət yetirmək kifayətdir. Dünyaya səs salan «Xarıbülbül» musiqi festivalı, Vaqif Poezidya Günləri Prezident İlham Əliyevin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildi. Cıdır düzündən muğamımız səsləndi. Azərbaycanın tolerant ölkə olduğunun təsdiqi olaraq müxtəlif millətlərin musiqi yaradıcılığı təqdim olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə işğaldan azad  edilmiş torpaqlarımıza səfər edən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə  Heydər Əliyev Fondunun tarixi və dini abidələrimizin bərpası istiqamətində atdığı addımlar da tariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən addımlar sırasındadır.

Son 18 ildə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan milli-mənəvi dəyərlərimizin qorunmasına yönələn  addımlara qısa baxış bu ümumiləşdirməni aparmağa əsas verir ki, keçmişini unutmayan, daim  gələcəyə böyük ümidlərlə baxan xalq qalib olur. Bu qalibiyyəti qazandıran isə dövlətinin, xalqının gələcəyini düşünən liderlərdir. Ancaq cəsarətli addımları ilə cəmiyyətdə fərqlənən insanlar- sərkərdələr milyonları öz yolları ilə, açdıqları cığırla apara bilirlər. Cənab İlham Əliyev sözlə əməl birliyi sayəsində, hər bir vədini  konkret əməldə təsdiq etməklə, ən əsası xalqımıza  Zəfəri bəxş etməklə qalib Sərkərdə olduğunu təsdiqlədi.  Bütün bunlara görə cənab İlham Əliyevə  milyonların sevgisi şəksizdir.

Daha çox xəbərlər