Gündəm 

Bakının sülhməramlılarla bağlı narazılığı qalır

Prezident İlham Əliyev Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətindən ümumən razıdır. Amma rəsmi Bakının narazı olduğu məqamlar da var. “Yeni Müsavat” yazır ki, Prezident İtaliya mediasına müsahibəsində Azərbaycanın sülhməramlıların fəaliyyətində hansı nüanslardan narazı qaldığını açıqlayıb. Dövlət başçısı bildirib ki, Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar.

“Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla, vəziyyət sabitdir və ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”, – Prezident Əliyev belə deyib.

Prezidentin açıqlamasından da göründüyü kimi, Rusiya sülhməramlıları ilə bağlı narazılıq hələ də tam aradan qaldırılmayıb. Bu məsələ barədə Prezident bir neçə dəfə danışıb. İndi də suala cavabında  “Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar” deyərək, Bakının narazılığını çatdırıb. Bu, Moskvaya verilən bir eyhamdır və Prezidentin sözlərindən sonra Laçın dəhlizindən keçərək Xankəndinə və digər ərazilərimizə qanunsuz səfər edənlərin bu yerlərdən ayaqlarının kəsilməsi baş verməlidir. Dövlət başçısı bundan əvvəl də xatırlatmışdı ki, Laçın dəhlizini həm peyk, həm başqa imkanlardan istifadə edərək izləyə bilirik, gündəlik nə qədər maşının oradan keçdiyini müəyyən edirik. Bəs Kreml bu mesajı necə qarşılayacaq? Rusiya sülhməramlıları bu iraddan sonra səfərlərin qarşısını almaq üçün fəaliyyətinə düzəliş edəcəkmi?

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas: “Ya üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər, ya da çıxıb getsinlər”

Deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Prezidentin bu müsahibəsindən sonra nəzarətin güclənəcəyinə ümid edir. Onun sözlərinə görə, sülhməramlı qüvvədirlərsə, üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər, ya da çıxıb getməlidirlər: “Sülhməramlı əsgərin gözü qarşısında erməni güllə atır. Əgər öz missiyasını yerinə yetirə bilmirsə, biz də işimizi bilək. Ona görə Prezident narazılığını da çatdırdı. Məsələn, traktorçu vurulub dedilər, amma hərbi formada olan traktorçu kim görüb? Özləri vurublar, yanında da sülhməramlı var, bizim üstümüzə atmaq istədilər, alınmadı”. Deputatın fikrincə, cəmiyyətdə sülhməramlıların bölgədən heç vaxt çıxmayacağı haqda bədbin düşüncələr kökündən səhvdir: “Bizim illərlə beynimizə yeridirdilər ki, Qarabağı azad edə bilməyəcəyik. Bəs nə oldu? Cəmi 44 günə həll etdik. Ona görə insanlar belə pessimist fikirlərə qapılmasınlar. Hər şeyin öz vaxtı var. Prezident də deyib ki, mən nəyi, nə vaxt edəcəyimi yaxşı bilirəm”.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Üzeyir Cəfərov: “Rusiya sülhməramlıların olduğu ərazilərdə baş verənləri Azərbaycanın ayağına yazır”

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, ölkə başçısı sülhməramlılar haqda diplomatik şəkildə razılıq etsə də, biz vətəndaşlar olaraq narazıyıq: “Çünki yenə özbaşınalıq edirlər. Rusiya Müdafiə Nazirliyi sülhməramlıların olduğu ərazilərdə baş verənləri Azərbaycanın ayağına yazır. Biz razılıq vermişik, gəlib yerləşiblər, indi ”haykanuş”lara zənbildə nəsə daşımaqdansa, onların vəzifəsi erməni silahlı dəstələrini zərərsizləşdirməkdir. Baxın, bizdən xeyli aralıda, sülhməramlı olan bölgədə bir traktorçunu özləri vurublar, indi üstümüzə yıxırlar, Azərbaycan tərəfini ittiham edirlər. Bəs sülhməramlı hara baxırdı? Ümumiyyətlə, bunlardan sülhməramlı çıxarmı?”

Ü.Cəfərov hesab edir ki, Rusiya üçtərəfli bəyanatın imzalanmasının 1 ilinə az qalmış fəallaşmağa başlayıb: “Azərbaycan nə Fransa, nə Rusiya, nə Amerikanın dilinə aldanmalıdır, öz işini görməlidir. Həmsədrlər bölgəyə ayaq açandan sonra bu məsələləri uzatmağa çalışacaqlar. Bu ayın sonu Ərdoğanın Baydenlə görüşü olacaq, mənim güvənim Türkiyə-Azərbaycan birliyinədir. Ona görə Türkiyə ilə birgə bu problemlərin üstünə getməliyik, həllinə nail olmalıyıq”.

Xəyal Bəşirov yazır: Dizel yanacağı tökülərək diri-diri yandırılan və başı  kəsilən insanlar » Newscenter.az

Xəyal Bəşirov: “Prezident onların qanunsuzluğa yol verdiklərinə mətinaltı mesaj verdi”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Prezident müsahibəsində Azərbaycan üçün qırmızı xətt olan məqamlara toxunub. “Sülhməramlıların fəaliyyətindən ümumi razılıq etsə də, onların zaman-zaman qanunsuzluğa yol verdiklərinə mətinaltı mesaj verdi. Məsələn, onlar bəzi hallarda humanitar işlər, ermənilərin köçürülməsini həyata keçiriblər. Bizim üçün prioritet məsələ sərhədlərin toxunulmazlığıdır. Ona görə ərazilərimizə xarici turistlərin gəlişi Azərbaycanın razılığı əsasında ola bilər. Hətta sülhməramlı qüvvələrinin belə səlahiyyəti yoxdur. O baxımdan Prezident diqqətə çatdırdı ki, qanunsuz səfərlərin qarşısı alınmalıdır, bundan məlumatlıyıq, proseslərə nəzarət edirik”. Ekspertin fikrincə, qanunsuz səfər edənlər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülə bilər: “Ona görə xarici turistlər məsələdən agah olmalıdırlar. Azərbaycan rəhbərliyi sülhməramlıların fəaliyyəti haqda tez-tez fikirlər səsləndirməklə demək istəyir ki, diqqət mərkəzindədirlər, onların işini nəzərdən qaçırmırıq, yaxud göz yummuruq, əksinə, Laçın dəhlizindən keçənləri də izləyirik, monitorinq aparırıq”.

Daha çox xəbərlər