Sosial 

Buster doza qalıcı immunitet yaradır

Bu doza, həmçinin yüngül yoluxmaları önləyə, virusun kəskin yayılmasının qarşısını ala, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölüm sayının azalmasına da təsir göstərə bilər

Koronavirusun kəskin yoluxucu ştammlarının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bu virusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla artıq sübuta yetirilib. “Pfizer” şirkətinin apardığı tədqiqatlara görə, vaksinin effektivliyi ikinci dozadan 6-8 ay sonra zəifləyir və xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü “Buster” dozanın vurulması ehtiyacı yaranır. Gücləndirici doza isə immuniteti 2-ci doza ilə müqayisədə 3-5 dəfə artırır. “Buster” dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğundur və əhəmiyyəti daha çoxdur. Bu doza həmçinin yüngül yoluxmaları önləyə, virusun kəskin yayılmasının qarşısını ala, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölüm sayının azalmasına da təsir göstərə bilər. “Buster” doza, həm də qalıcı immunitet yaradır.

2021-ci ilin iyul-avqust aylarında İsraildə 1 milyon 114 min insan arasında tədqiqat aparılıb. Müəyyən edilib ki, gücləndirici “Buster” doza infeksiyanın yayılma riskini 11,4 dəfə azaldır, həmçinin xəstəliyin ağır keçməsinin qarşısını 10 dəfədən çox alır.

Böyük Britaniya rəsmiləri sentyabrın 14-də bütün həssas əhali qruplarının, “önxətt”də çalışan səhiyyə işçilərinin və 50 yaşından yuxarı şəxslərin gücləndirici vaksin vurdurmasını tövsiyə ediblər. Almaniyada isə ötən aydan yaşlılara və zəif immun sistemi olan şəxslərə 3-cü doza vaksin vurulmağa başlanılıb. Həmçinin Fransada da 65 yaşdan yuxarı şəxslərə, xüsusi sağlamlıq vəziyyəti olan şəxslərə, habelə qocalar evlərinin əməkdaşlarına 3-cü doza vaksinlər təklif edilməyə başlanılıb. Kanada isə immun zəifliyi olun şəxslərə 3-cü doza vaksinin vurulmasını təsdiqləyib.

3-cü gücləndirici doza vaksinasiyaya ən geniş şəkildə başlayan dövlətlərdən biri də ABŞ-dır. ABŞ-da yeni yoluxma dalğasının müşahidə olunması ilə əlaqədar sentyabrın 22-dən 65 yaşdan yuxarı şəxslər, ağır xəstəliklərlə bağlı risk qrupuna daxil olanlar və virusa yoluxma ehtimalı yüksək olan şəxslərə 3-cü doza vaksin təklif olunur.

Hazırda dünyanın digər qabaqcıl ölkələrində də – Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə yeni dalğaların yaranmasının və virusun yayılmasının qarşısının alınması üçün vaksinin üçüncü dozasının yəni gücləndirici (buster) dozanın vurulmasına start verilib.

Qeyd edək ki, “Buster” doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Mütəxəssislər 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza “Buster” vaksin vurulmasını məqsədəuyğun hesab edirlər. Tədqiqatlara görə qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.

Azərbaycanda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Daha çox xəbərlər