Siyasət 

Tarix yaradan ŞƏXSİYYƏT

15 oktyabr Azərbaycanda 2003-cü il prezident seckiləri keçirilirdi. Müstəqilliyini möhkəmləndirən, iqtisadiyyatını qaldırmağa çalışan, eyni zamanda 20 faiz torpaqları işğal olunmuş, 1 milyondan çox vətəndaşı doğma yurd-yuvasından didərgin düşmüş, köksündə Qarabağ dağı gəzdirən bir xalq, beynəlxalq ədalətsizliklə üzləşmiş bir ölkə. Məhz belə bir məsuliyyətli dönəmdə Azərbaycan xalqı səhv edə bilməzdi və xalq doğru seçimini etdi – İlham Əliyev yekdilliklə Azərbaycan Prezidenti seçildi. Sonradan tarix yazacaq liderin vətən yüklü missiyası məhz həmin gün rəsmiləşdi.

Heydər Əliyev: “Mən ona özüm kimi inanıram” 

Milyonların səsini qazanan İlham Əliyev gərgin siyasi mübarizədə qalib gəldi, seçkilərin nəticələri beynəlxalq birlik tərəfindən tanındı. Xalqdan aldığı bu dəstək sonralar gənc liderin bütün uğurlu gedişlərinin əsasında dayanacaq, məhz xalqa arxalanan, xalq sevgisindən güc alan İlham Əliyev yaxın tarixin ən güclü və uğurlu lideri kimi yaddaşlara həkk olunacaq. O, hər liderə nəsib olmayan bir şücaət göstərib hərb salnaməsini yaratdı – döyüş meydanında düşməni məğlub etdi və qələbə qazandı. İlham Əliyevin prezidentlik dövrünü müxtəlif prizmalardan təhlil etmək olar, lakin Müzəffər Lider statusu onun qazandığı ən ali addır və şəxsiyyətin istənilən təsnifatı bu çərçivəyə sığmır.
Prezident İlham Əliyev böyük siyasətçinin ailəsində tərbiyə alıb, Ulu Öndər Heydər Əliyevin. Heydər Əliyev dühasının əzəməti təkcə dövrünün mahir siyasətçisi anlamı ilə bitmir. O, bütün varlığı ilə xalqa, dövlətə bağlı azərbaycanlı idi. İlham Əliyev kimi siyasətçini yetişdirməsi də onun xalq və dövlət qarşısında misilsiz xidmətidir. Qarabağ münaqişəsinin həlli İlham Əliyevin siyasi məharəti, dərin bilikləri, təcrübəsi, diplomatiyasının təntənəsi idi. Tarix üçün qısa zaman kəsiyində belə mürəkkəb problemi çözə bilməsi heyrət doğurur, bəziləri üçün mif qədər əlçatmaz olan bu uğurlu həll əslində
İlham Əliyev şəxsiyyətinin siyasi istedadının sərhədsizliyini göstərir.
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək prezidentliyə namizədliyini siyasi varisi
İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu tarixi müraciət xalqın gələcək seçimini müəyyən etdi. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu
İlham Əliyevə səs verdi. Heydər Əliyevin siyasi kursuna dəstəyin ifadəsi olan bu nəticə əslində Heydər Əliyev ideyalarının və siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına və təhlükəsizliyin təmin olunmasına əminliyin göstəricisi idi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.

2003-cü il 15 oktyabr Azərbaycan tarixində yeni siyasi eranın başlanğıcıdır. Prezident İlham Əliyev Azərbaycan dövlət idarəetmə sisteminə yeni davranış modeli, mütərəqqi, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. İlham Əliyev öz fəaliyyəti və davranışı ilə siyasi münasibətlər sistemində, eləcə də cəmiyyətdə təkmil siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq normaları, siyasi etika nümunəsi təqdim etdi. Aparılan dövlət siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycanda müsbət mənada fərqli, özünəməxsus milli mədəniyyətimiz və mentalitetimizlə uyğunlaşan dəyər və yaşam tərzi formalaşıb. Məhz bu yanaşma sayəsində ölkəmizdə demokratiya siyasi istismar vasıtəsi kimi deyil, cəmiyyətin harmoniyalı və bərabər inkişafına xidmət edən faktor kimi cıxış edir. Bu kontekstdə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusilə diqqətəlayiqdir.
İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizm və çoxpartiyalı siyasi sistemin inkişafı demokratik cəmiyyətin formalaşması üçün möhkəm təməl yaradıb.

İqtisadi, sosial, humanitar intibah 

Son 18 il Azərbaycanın müstəqillik tarixində tərəqqi, yüksəliş, sürətlə müasirləşmə dövrü kimi yadda qalıb. Bu dövrdə ölkəmizin hərtərəfli inkişafı təmin edilib, bütün sektorlar üzrə qeydə alınan dinamika planlı iqtisadi, sosial, humanitar strategiyanın düzgün icrasının məntiqi nəticəsidir. Müxtəlif sektorlar üzrə əldə olunan bərabər yüksəliş iqtisadi möcüzənin və insan inkişafının əsas faktoru kimi cıxış edir. Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3 dəfə artıb. Bununla yanaşı, ölkəmizdə yoxsulluq son 18 il ərzində 49 faizdən 5 faizə enib. Qeyd olunan müddət ərzində Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.
Azərbaycan Prezidentinin siyasətini səciyyələndirən əsas parametrlərdən biri də onun sosialyönümlü olmasıdır. Əhalinin bütün sosial qruplarına göstərilən diqqət və qayğı son nəticədə cəmiyyətdə məmnuniyyət yaradır, dövlət və vətəndaş münasibətlərində harmoniyanı təmin edir. Bu gün Azərbaycan vətəndaşı öz seçdiyi Prezidentinə inanır və daim onun dəstəyini hiss edir.
Azərbaycanın uğurlu xarici siyasət kursu əminliklə söyləməyə imkan verir ki, ölkəmiz dünyanın siyasi xəritəsində böyük nüfüz sahibidir. “Mənim sözüm imzam qədər qüvvətlidir” bəyan edən Prezident İlham Əliyev həm beynəlxalq siyasi müstəvidə, həm də iqtisadi sahədə öz qətiyyəti sayəsində bir sıra mühüm və həlli mürəkkəb layihələrin icrasına nail olub. Regional əhəmiyyətli təşəbbuslər qısa zaman kəsiyində beynəlxalq birliyin dəstəyini qazanaraq, coğrafiyasını genişləndirib. Bunların sırasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub qaz dəhlizi”, “Şimal-Cənub” layihəsi xüsusi yer tutur. Uzun illər gündəmdə olan Qarabağ məsələsi üzrə dövlət diplomatiyasının uğurlu nəticəsi 21-ci əsrin tarixi zəfərinin qazanılmasında hüquqi təminat yaratdı.
Azərbaycana dost olan ölkələrin sayının durmadan artması, mövqeyimizin çoxluq tərəfindən dəstəklənməsi siyasi nüfüzumuzun artmasının göstəricisi olmaqla yanaşı, Prezident İlham Əliyevin siyasi addımlarının dəqiq və hədəfli olmasını da sərgiləyir.

COVID-19 pandemiyası ilə bağlı beynəlxalq tədbirlərin təşəbbüskarı kimi cıxış edən Azərbaycan Prezidenti 21-ci əsrin müasir liderlik modelini ortaya qoydu.

Gənclər siyasəti dövlət siyasətinin prioritetlərindən biridir

Gənclər siyasəti Prezident İlham Əliyevin dövlət siyasətinin prioritetlərindən biridir. Cəmiyyətin hərəkətverici qüvvəsi olan gənclərin vətənpərvər ruhda tərbiyə olunması Azərbaycan liderinin dövlət idarəetmə kursunun uğurudur. Milli-mənəvi dəyərlərimizin layiqli daşıyıcısı olan gənclər Azərbaycan dövlətinin dinamik inkişafına mühüm töhfə verməkdədirlər. Prezident İlham Əliyevin arxasınca apardığı gənclik müasir, təhsilli, sağlam, dünyəvi düşüncəli, eyni zamanda mental köklərə bağlıdır. Gələcəyə inam və Vətənə məhəbbət hissi ilə tərbiyə almış Azərbaycan gəncləri dövlətin diqqət və qayğısı nəticəsində ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar. Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə istiqamətlənmiş addımlar dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Dünyanın 50 ən güclü ordusundan biri

Ərazisinin 20 faizi düşmən işğalı altında olan bir ölkənin lideri üçün müdafiə və təhlükəsizliyin təmin olunması ən ümdə vəzifədir, güclü orduya sahib olmaq isə hər liderin məqsədidir. Qarabağ kimi ağrılı problemi olan Azərbaycan hər an döyüşə hazır olmalı idi və güclü ordu tarixi ədalətin bərpa olunması və beynəlxalq hüququn təminatı üçün həyati əhəmiyyət kəsb edirdi. 2003-cü ildən etibarən ordu quruculuğu sahəsində görülmüş işlər sayəsində Azərbaycanda peşəkar silahlı qüvvələr formalaşdırıldı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində mükəmməl standartların tətbiqi, genişmiqyaslı və planlı addımlar, köklü islahatlar və yenidənqurma işləri nəticəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasına daxil oldu. Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü ordusundan da biridir.

Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizi 44 gün ərzində düşməndən azad etdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmləndirilən müstəqilliyimiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əbədiyyətə çevrildi. Bu gün biz ən qürurlu tariximizi yaşayır, yaradırıq. İşğaldan azad edilən torpaqlarla Azərbaycan bütövləşdi, üçrəngli bayrağımız vətən torpağının hər qarışında qürurla dalğalandı.

Müstəqil Azərbaycanın zəfər salnaməsini yaratmış müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tarixin bütün sınaqlarından alnıaçıq çıxaraq işıqlı gələcəyini təmin edib. Xalqımız yeni üfüqlərin astanasındadir. Prezident İlham Əliyevin qətiyyəti, praqmatizmi, dövlət idarəçiliyi istedadı ilə qət edəcəyimiz yüksəkliklər bundan sonra da firavan gələcəyimizi təmin edəcək.

Sevil Mikayılova,

Milli Məclisin deputatı

“Azərbaycan” qəzeti

Daha çox xəbərlər