2020-ci ilin 16 oktyabrı…
Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Vətən müharibəsinin iyirminci günü
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini intensiv atəşə məruz qoymuşdur. Atəş günortadan sonra davam etmişdir. Müdafiə Nazirliyi, həmçinin bir gün əvvəl Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunan Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirildiyini lakin, xoşbəxtlikdən sakinlərə və mülki obyektlərə zərər dəymədiyini bildirir. 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir. 27 ildən sonra azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı və Mahmudlu sərhəd zastavalarında Dövlət Sərhəd Xidmətinin Qoşunları tərəfindən xidməti-döyüş fəaliyyətinə başlanılıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 Qrad YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 Şilka özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və ya sıradan çıxarılıb. Azərbaycan Müdafiə Nazirliyinin saat 20:03 olan məlumatına görə, Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə məruz qoyub.

