Maaşların yüksəldilməsi ilə bağlı Sərəncam tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır
Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasi kursunun əsas istiqamətidir. Son illər sosial sahədə aparılan inqilabi xarakter alan islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilərək yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği isə 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildə 26,5% idisə, 2020-ci ildə göstərici 38%-ə yüksəlib. Bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir. Ümumilikdə son üç ildə ölkəmizdə Fərman, Sərəncam, Qanun və s. ibarət olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt və əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub. Sosial təminat növləri üzrə ödəniş alanların sayı isə 160 min nəfər artaraq 2,4 milyonu ötüb.
Oktyabrın 16-da Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin ölkı başçısının siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir. Sərəncama əsasən, sosial ödənişlərdə ciddi artımlar olacaq ki, bu da əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. İqtidar-xalq birliyini yaradaraq onu yüksək şəkildə qorumaq üçün bu sahəyə hər zaman xüsusi diqqət ayıran dövlətimizin başçısının yeni Sərəncamı 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

İqtisadçı ekspert Ruslan Atakişiyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, dövlətimiz üçün insan amili hər zaman ön planda gəlmişdir: “Biz bunun Cənab Prezidentin indiyə qədər qədul etdiyi hər bir qərarda şahidi olmuşuq. Məlumdur ki, ölkədə təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi həyata keçirildi. Bu tənzimləmənin müvafiq qərarla vətəndaşları narahat etmədi deyə bilərik. Çünki ona paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır. Bütün bunlar Azərbaycan xalqının hər zaman öz rəhbərinə etimad edə biləcəyinin, dövlət siyasətinin mərkəzində isə vətəndaşın və onun rifahının olduğunun göstəricisidir.”
Onun sözlərinə görə, təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinə 2022-ci ilin dövlət büdcəsi layihəsində əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərinin hazırlanmasına artıq başlanılıb.

