Biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq – İlham Əliyev
Dövlət başçısı Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən danışarkən bildirib ki, Cəbrayıl və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsinin işğalçılardan təmizlənməsi bizə əlavə mənəvi güc verdi
Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Növbəti belə səfər oktyabrın 17-də baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar. İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığının icrası hazırda yüksək sürətlə davam etməkdədir. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Dövlətimizin başçısı səfər çərçivəsində Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı, həmçinin “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin də təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlətimizin başçısı ilk yaşayış binalarının təməlini qoyub. Daha sonra dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı dövlət başçısı Füzuli şəhərinin azad olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Cəbrayıl və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsinin işğalçılardan təmizlənməsi bizə əlavə mənəvi güc verdi: “Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi”.
Dövlət başçısı əlavə etdi ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Nəticədə Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı işğaldan azad olundu.
Prezident İlham Əliyev yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlər barədə də danışıb. Yenidənqurma layihələri çərçivəsində Füzulidə istifadəyə verilən Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” adlandıran Prezident İlham Əliyev bu rayonun, onun kəndlərinin abadlaşdırılacağını, buraya həyatın tezliklə qayıdacağını söyləyib: “Görürsünüz, biz bu yolları qısa müddət ərzində çəkdik. Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Eyni zamanda, Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Yəni, Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır”.
Məlumdur ki, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara Ermənistan tərəfindən məhəl qoyulmaması nəticəsində Füzuli rayonunun 62 kəndi və rayon mərkəzi 27 il düşmən əsarətində qalmış, ermənilər tərəfindən vandallıqla məhv edilmişdir. Qürurverici haldır ki, bu gün uzun illər işğal altında olan torpaqlarımızda vandal ermənilərin insanlıq adına yaraşmayan əməllərinin izləri silinir, viran qoyulmuş kəndlər, qəsəbələr yenidən salınır. Elimizin doğma torpaqlara qayıtması, insanların ata-baba yurdlarında bəxtiyar yaşamaları üçün genişmiqyaslı quruculuq işləri aparılır. Füzuli də istisna deyil. Rayonunda 3 ay ərzində inşa edilən, rayondakı strateji obyekləri, hava limanı, o cümlədən Füzuli-Şuşa yolunu, eləcə də əhali və qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təmin edəcək Füzuli yarımstansiyası da istifadəyə verilib. Bu il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yarımstansiyanın açılışı olub. Yeni aeroportun və Zəfər yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Füzuli rayon ictimaiyyəti ilə görüşündə münaqişənin artıq keçmişdə qaldığını vurğulayan ölkə başçısı növbəti dövr üçün nəzərdə tutulmuş hədəflərin də təmin ediləcəyinə əminliyini bir daha vurğulayıb: “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq”.

