Vətəndaş rifahının təminatı dövlət siyasətinin əsas istiqamətidir
Dövlət başçısı İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli «Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamı da bunun bariz nümunəsidir
Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləğinin 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Prezident təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.
Bu reallıqlar dövlət başçısı İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli «Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında» Sərəncamında da öz əksini tapıb. Sərəncamda vurğulanır ki, 2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olub.
Prezident İlham Əliyevin yeni Sərəncamı əsasında sosial ödənişlərdə ciddi artımlar təmin ediləcək. Bu sənəd 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bütün bunlar bir daha sübut edir ki, vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir. Dövlət hər addımında vətəndaşını düşündüyünü nümayiş etdirir.
Bu reallıq inkaredilməzdir ki, iqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında, ortaya çıxan problemlərin narahatlıq doğurmadan müsbət həllində əhəmiyyətli rol oynayır. 2008-ci ildə dünyanı bürüyən, nəticələri son illərə qədər davam edən iqtisadi və maliyyə böhranının ardınca 2019-cu ilin sonlarından başlayaraq bu günədək davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirləri də ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynadı. Baxmayaraq ki, COVID-19-la mübarizə insan sağlamlığı ilə bağlı məsələdir, təbii ki, görülən tədbirlər ölkələrin iqtisadi imkanlarına söykənir. Mübarizə tədbirlərinə başlandığı günlərdə əksər dövlətlər iqtisadiyyatın durğunluğunu aradan qaldırmaq üçün yollar axtarışına çıxdığı halda, Azərbaycan dövləti insanların sağlamlığının təmin olunmasını önə çəkdi, bu fonda iqtisadi islahatların dərinləşdirilməsinin prioritetliyini açıqladı. Cənab İlham Əliyev bildirdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Dövlətimizin başçısının 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramı həyata keçirildi. Sosial dəstək proqramlarının uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynadı. bu tədbirlərin müsbət nəticələrini görmək üçün cənab İlham Əliyevin sözügedən müddətdə paytaxt və bölgələrdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına və bugünümüz üçün önəminə diqqət yetirmək kifayətdir.
Günümüzün əsas mənzərəsi budur ki, dayanıqlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, islahatlara alternativ yoxdur. Kadr islahatları labüd və qaçılmazdır. Çünki XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar. Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da diqqətə çatdırır ki, əlbəttə, həyat yerində durmur. Qarşımızda yeni çağırışlar, yeni vəzifələr dayanır və biz bu vəzifələri icra edirik. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.
COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi müddətdə ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər an vətəndaşların yanında olmaları, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atdıqları addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Onu da qeyd edək ki, DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.
Dövlət siyasətinin təməlində vətəndaş amilinin dayandığı atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Sosial islahatlar proqramının əsas hədəfi də məhz dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Dövlət başçısı İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Prezidentin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.
İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və DOST Mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir. Bu layihədə reallaşdırılan könüllülər proqramı gələcəyimizi etibar edəcəyimiz gənclərin həyatda özlərinə yer tapmalarında, karyeralarını qurmalarında, layiqli vətəndaş kimi yetişmələrində önəmli rol oynayır. “ASAN xidmət”in coğrafiyasının genişləndirilməsi, kiçik və orta sahibkarlığa asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin sayının artması da bu qəbildəndir. Dövlət başçısı İlham Əliyev bildirir ki, “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.
Hər zaman bu reallıq diqqətə çatdırılır ki, zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Davamlı inkişafda məmur-vətəndaş münasibətlərini də xüsusi qeyd etməliyik. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Ölkə Prezidenti həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar: “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir”.
Bir sözlə, ölkədə dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd edir ki, Azərbaycanın dünyaya səs salan layihələri vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır.
Göründüyü kimi, hər zaman vətəndaşının yanında olan dövlət başçısı İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilmsinin prioitetliyini qoruyur. Xatırlasaq, 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bu vədi açıqlamışdı ki, yoxsulluq deyilən sosial bəla aradan qaldırılacaq, iqtisadi tərəqqi insanların gündəlik həyatında öz əksini tapacaq, əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılacaq. Bu öz növbəsində insan amilinin dövlət siyasətinin əsasında dayandığını nümayiş etdirir ki, son 18 ildə xalqımız bunun real həyatda şahididir. Hazırkı dövrdə- işğaldan azad edilmiş torpaqalrımızda bərpa və quruculuq işlərinin getdiyi bir mərhələdə dövlət başçısı İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərməsi də bunun təsdiqidir.

