Gündəm 

Zəngilan həsrətinə son.

Azərbaycanın cənub-qərbində yərləşən Zəngilan öz geostrateji mövqeyinə görə böyük əhəmiyyət kəsb edən bir ərazini əhatə edir. Rayonun ərazisi müxtəlif vaxtlarda ayrı-ayrı inzibati bölgülərə məruz qalıb. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır və bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. Zəngəzur Rusiyanın təkidi ilə Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilib. Bu zaman qəzanin yuxarı hissəsi Ermənistana verilib, Zəngilan isə Qubadlı və Laçın bölgələri ilə birlikdə Azərbaycanın tərkibində qalıb.
Zəngilan rayonu torpaq və iqlim xüsussiyətlərinə görə gözəl və zəngin təbiətə malikdir. Rayonun ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları keçir. Zəngilanda bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, əhəng daşı vardır. İşğaldan əvvəl rayon ərazisində xeyli sayda dini və milli tariximizi əks etdirən abidələr mövcud idi. Rayonun əhalisi üzümçülük, tütünçülük, taxılçılıq və heyvandarlıqla məşğul olub. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. İşğal nəticəsində rayonun ərazisində olan abidələr dağıntılara məruz qalıb.
2020-ci il sentybarın 27-də başlanan Vətən müharibəsi ərzində Zəngilan rayonu erməni işğalından azad edilib. 44 günlük müharibə zamanı Cəbrayılda düşmənə sarsıdıcı zərbə vuran qüdrətli Azərbaycan ordusu oktyabrın 18-də Zəngilanın azad olunması əməlliyatına başlayıb. Bu əməliyyat Sərhəd Qoşunlarının komandanlığı altında aparılıb. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edilib. Bununla yanaşı, işğal altında olan Azərbaycan-İran sərhəddi də azad edilərək 132 km sərhəd tam bərpa edilib. Zəngilanda sərhəd quruculuğu işləri görülməyə başlanıb.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub. Rayonda 3 dəfə səfərdə olmuş Prezident İlham Əliyev ilk dəfə olaraq 2020-ci il dekabrın 23-də birinci xanım Mehriban Əliyevayla birlikdə Zəngilana gedib və Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırıb. Hazırda rayon ərazisində bərpa və quruculuq işləri aparılır. Rayonda bərpa edilən ilk kəndlər “ağıllı” kənd layihəsi çərçivəsində qurulur. Tezliklə Zəngilanın əhalisi öz doğma yurd-yuvalarına qayıdacaq. Erməni vandalizminə məruz qalan Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilir.
Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun gücü sayəsində Zəngilan rayonu azaddır. Artıq zəngilanlıların və ümumilikdə Azərbaycan xalqının Zəngilan həsrətinə son qoyulur. Zəngilan və Qarabağın hər qarışının doğma ev sahiblərinə qovuşması çox yaxındadır. Qarabağın hər qarışı bizi gözləyir. Bu il Qarabağ qollarını bizlərə niskilli həsrətlə deyil, ümidlə açır.
Tamam Hüsüzadə – Bərdə rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi

Daha çox xəbərlər