2020-ci ilin 20 oktyabrı…
Tarixi Zəfərin qələbələrlə dolu hər anı
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.
Vətən müharibəsinin iyirmi dördüncü günü
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutmuşdur. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır. Füzuli rayonu istiqamətində əks-hücuma keçən Ermənistan ordusunun bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində məhv edilmişdir. Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olmuşdur. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilmişdir. 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir. 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina etmişdir. 246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Qazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilmişdir.
Saat 13 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutmuşdur. Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri, Zəngilan rayonunun Havalı, Zərnəl, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. 27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 241 tank, 50 ədəd piyadanın döyüş maşını, 17 ədəd özüyeriyən artilleriya qurğusu, 198 ədəd müxtəlif çaplı toplar, 58 minaatan, 2 ədəd “Uraqan” sistemi, 1 ədəd “TOS 1a” odsaçan sursatı, 53 ədəd tank əleyhinə raket sistemləri, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompeksi, 1 ədəd “Toçka-U”, 4 ədəd “S-300” kompleksi, 40 ədəd “Osa” zenit raket kompeksi, 3 ədəd “Tor” zenit-raket kompleksi, 5 ədəd “Kruq” və “Kub” zenit raket kompleksləri, 8 ədəd radioelektron mübarizə sistemləri, 198 ədəd yük avtomobili məhv edilmişdir. 39 tank, 24 ədəd piyadanın döyüş maşını, 12 minaatan, 25 qumbaraatan, 102 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilmişdir.
Saat 15 radələrində Ermənistan silahlı birləşmələrinin Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri – 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olmuş, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaşayış evinə isə külli miqdarda ziyan dəymişdir.
Saat 17 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulmuşdur. Axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilmişdir. Həmçinin saat 19:30 radələrində Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilmişdir.
Saat 16 radələrində işğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağının dalğalandığını göstərən videogörüntü yayımlanmışdır. Ermənistan tərəfi Azərbaycan Ordusunun Araz çayı boyunca geri çəkildiyini açıqlasa da, Azərbaycan tərəfi bu məlumatın yalan olduğunu bildirmişdir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ordumuzun əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin daha iki polkovniki – hərbi hissə komandirinin müavini olan Aşot Kazaryan və qərargah rəisinin müavini Geqam Qabrielyan məhv edilmişdir. Saat 20 radələrində Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edildiyini göstərən videogörüntü yayımlamışdır.

