Sosial 

Səmasında şanlı üçrəngli bayrağımız dalğalanan azad Qubadlı

İşğal altında olan torpaqlarımızın düşməndən azad olunması uğrunda başlayan Vətən müharibəsinin hər günündə kənd, qəsəbə və şəhərlərimizin azad olunması xəbərini səbirsizliklə gözləyir, gələn xəbərlərlə senincə qərq olurduq. Suqovuşan kəndinin, Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərinin, Xocavənd rayonun bir neçə kəndinin və Hadrut qəsəbəsinin düşməndən azad olunması hər kəsdə böyük coşqu, sevinc və fəxr hissi yaratmışdı. Növbəti Zəfər xəbərimiz də özünü çox gözlətmədən, Zəngilan zəfərindən cəmi beş gün sonra – 25 oktyabr 2020-ci il tarixində gəldi. Qubadlı şəhəri işğaldan azad olundu. Beləliklə, 27 illik Qubadlı həsrəti sona çatdı.

Zəngilan şəhərinin işğaldan azad edilməsi Qubadlının azad olunmasına aparan yolun başlanğıcı oldu. Düşmən digər ərazilərdə olduğu kimi Qubadlıda da güclü istehkamlar qurmuş, hərbi baza yaratmışdı. Eyni zamanda, Ermənistan Respublikası ilə həmsərhəd ərazilərdən biri olan Qubadlının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə Ermənistan ərazisindən də Ordumuza qarşı artilleriya və müxtəlif silahlardan atəş açılırdı. Lakin bunların heç biri Azərbaycan Ordusunu geri çəkilməyə məcbur edə və ya dayandıra bilmədi. Qorxubilməz Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq geri çəkilən düşmən qaçarkən belə öz çirkin əməllərindən geri qalmır, yollarda müxtəlif  maneələr qurur, körpülərin əsas hissələrini partladır və bir çox yollarda dağıntılar törədirdi. Lakin bütün bunlara  baxmayaraq Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək çox qısa, cəmi bir neçə gün çəkmişdi. 44 gün davam edən Vətən müharibəsinin 29-cu günü işğal altında olan Qubadlı şəhəri düşmən tapdağından azad olundu. Qarabağ müharibəsi şəhidlərinin, əsir götürülən insanların, uzun illərdir həsrət içində yaşayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı.

Bildiyimiz kimi, Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində şəhərin 30 minə yaxın əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdi. Vətən müharibəsinədək hər il avqustun 31-i tarixini çox ağır hisslərlə qeyd edir və ən böyük istəyimiz Qarabağımızın, o cümlədən Qubadlının işğaldan azad olunmasını diləyirdik. Artıq 2020-ci ilin 25 oktyabr tarixi bizə 30 illik həsrəti, qəmi-kədəri, ağrı acını unutdurdu, işğal illərində ərazilərimizdə qalan şəhid məzarlarımız da rahatlıq tapdı. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Məlumdur ki, erməni vandalları tərəfindən Cəbrayıl, Füzuli, Ağdam və digər ərazilər kimi Qubadlının da kənd və qəsəbələri dağıdılmış, yandırılmış, eyni zamanda tarixi və dini abidələrimiz də təhqir olunmuş, talan edilmişdir. Yayımlanmış videogörüntülərdən də hər kəs işğalçıların o torpaqlarda daşı-daş üstündə qoymadıqlarını aydın şəkildə görə bilər. Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra artıq Qarabağda inkişafın, həyatın qayıtdığı bir dövr başlayıb. Bu gün Qarabağda icra olunan və icrası nəzərdə tutulan layihələr öz bənzərsizliyi ilə dünyanın diqqətini cəlb edir. Yeni layihələrlə yanaşı dağıdılmış tarixi abidələrimizin də bərpası uğurla icra olunur.

Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi olaraq yazılan bu savaşda hər kvadrat millimetr torpağımızın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan hərbiçiləri heç bir tərəddüd etmədən, canı bahasına olsa belə ancaq irəli gedir, qəhrəmanlıq və şücaətləri ilə hərbi əməliyyatları qısa zaman ərzində icra edirdilər. Vaxtilə işğal altında olan torpaqlarımızın düşməndən azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlara ərazinin coğrafi mövqeyi də ciddi təsir göstərirdi. Ali Baş Komandanın Qubadlıya ilk səfəri zamanı şəhərin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə  əsgərlərimizin şücaətini, cəsurluğunu vurğulayaraq bildirmişdir ki, “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib”. Müzəffər Ali Baş Komandan çıxışlarında, ictimaiyyətlə görüşlərində, xarici media müsahibələrində müharibə iştirakçılarının, qəhrəmanlarının, bir sözlə müharibədə əməyi keçən hər kəsin igidliyini, vətənpərvərliyini, şücaətini, hünərini hər zaman xüsusi olaraq qeyd edir. Eyni zamanda ölkə başçımız şəhidlərin xatirəsini əziz tutur, şəhid ailələrinə və Vətən yolunda sağlamlığını itirən igidlərə  xüsusi qayğı və diqqət göstərir. Bildiyimiz kimi ötən il ölkə başçımız cənab İlham Əliyev tərəfindən 44 günlük Vətən müharibəsində hərbiçilərimizin göstərmiş olduqları şücaətə və mərdliyə görə orden və medalların təsis edilməsi haqqında sərəncam imzalamışdır. Təsis edilən medallardan biri də 15 mindən çox hərbi qulluqçunun təltif edildiyi “Qubadlının azad olunmasına görə” medalıdır. Bu gün Azərbaycan Ordusunun əsgər və zabitləri sinələrində təltif olunduqları medallarla yanaşı Azərbaycan xalqına bəxş etdikləri qələbənin sevincini də daşıyırlar.

Azərbaycan Ordusunun hər bir mənsubu Vətən müharibəsində öz hünərini, vətənpərvərliyini, Vətən uğrunda şəhid olmağa, sağlamlığını fəda etməyə hər an hazır olduğunu dünyaya nümayiş etdirdi. Bəli, biz Vətən müharibəsində qələbəni döyüş meydanında əldə etdik, mülki şəxslərə atəş açan düşməndən fərqli olaraq torpaqlarımız uğrunda döyüşən igidlərimiz öz canı, qanı hesabına, müharibə qanunlarına uyğun savaşaraq, qələbəni əldə etdi. Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti və rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində bu gün Azərbaycan xalqı qalib xalqdır. Biz nəhayət Qarabağımıza qovuşduq, illərlə çəkdiyimiz həsrətimiz bitdi, şəhidlərimizin qisası alındı.

Şəbnəm Eldarova,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

 

Daha çox xəbərlər