Gündəm 

Zəngəzurun qapısı Zəngilanın azadlığının 1 ili – indi bura abad edilir

Azərbaycan Ordusunun düşmənə vurduğu Zəngilan yarası onun havadarlarına necə təsir edibsə, hələ də ovuna bilmirlər

2020-ci ilin 20 oktyabrı Azərbaycanın on illər boyunca işğal altında qalan daha bir rayonunun azadlıq tarixi kimi taleyimizə yazıldı. Həmin gün Zəngilan şəhəri erməni işğalından azad edildi.

2020-ci ilin 20 oktyabrında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Zəngilan və digər ərazilərimizlə bağlı zəfər xəbərlərini elan etdi. Sitat: “İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

Cəbrayıl rayonu – azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

 

Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!”

Gerçəkdən də sonrakı günlərdə ordumuz düşmənin belini qırdı və kapitulyasiyaya imza atmasına nail oldu. Ötən aylar ərzində isə Zəngilan daxil, azad olunan tarixi torpaqlarımızda böyük layihələr həyata keçirilməkdədir. Üstəlik, bugünlərdə Zəngilan ərazisinə aid olan Ağdağ yüksəkliklərinin və digər ərazilərin Azərbaycan sərhədçilərinin nəzarətinə keçməsi, Qafan şəhərinə və hava limanına nəzarət imkanı əldə etməyimiz Ermənistanda şok effekti yaradıb. Azərbaycan dövləti qarşısında qoyduğu hədəfələrə addım-addım çatmaqdadır, delimitasiya və demarkasiya işləri öz axarı ilə gedir.

Zəngilan şəhərinin və digər ərazilərimizin azadlığının ildönümünü qeyd etmək böyük iftixar hissi doğurur. Şəhid və qazilərimizə minnətdarlıq hissi ilə döyünən ürəyimiz Qarabağımızın azadlığı və bu cənnət məkanda işğal dönəmində ermənilərin törətdiyi cinayətlərin izlərinin aradan qaldırılmasını, bölgənin abadlaşması şəraitində şad olur. Beləliklə, Azərbaycanın məğlubiyyət təqvimi, qələbə günləri ilə əvəzlənib. Zəngilanın azad olunmasının çox mühüm əhəmiyyəti var idi. Azərbaycan Ordusunun düşmənə vurduğu Zəngilan yarası onun havadarlarına necə təsir edibsə, hələ də ovuna bilmirlər, elə son günlərin gəlişmələri də bunu təsdiqləyir. İran və Ermənistanla sərhəddə yerləşən, üstəlik, Zəngəzur dəhlizinin qapısı olan bu ərazi Azərbaycanın düşmənlərinin çoxsaylı planlarını alt-üst etdi, 30 ilədək davam edən cinayətlərə son verdi. Cəbrayıldan sonra Zəngilanın azad edilməsi İranla sərhədimizə nəzarət etmək imkanlarımızı daha da böyütdü. 20 oktyabrdan sonra demək olar, İranla sərhədə tam nəzarət edə bildik. Bu, olduqca ciddi nəticə, vacib bir iş idi. İran bu gün həm də bu nəticəyə görə Azərbaycana qarşı aqressivləşib. Üstəlik, Azərbaycanın yaxın dostu olan İsrailin Zəngilanda camış ferması açmaq niyyəti və planları İranı həyəcanlandırıb. İran bu bölgədən Qarabağa qanunsuz girişinin qarşısının alınmasından necə şok keçiribsə, hələ də özünə gələ bilmir. Qaçaq narkotik dövriyyəsi bu sərhəd boyu kəsilib, Qarabağda və digər işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyəti dayanıb. Zəngilanın işğaldan azad edilməsi Laçının, Qubadlının azadlıq yolunu açdı. Ölkə əhalisində qələbəyə inamı artırdı. Müharibədə Azərbaycanın siyasi-psixoloji üstünlüyünü artırdı. Bu 1 ildə Zəngilanda çox böyük işlər görülüb. İlk “Ağıllı kənd” layihəsinin təməli məhz Zəngilanda, Ağali kəndində qoyulub və işlər sürətlə davam edir. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Prezident İlham Əliyevin aprelin 26-da təməlini qoyduğu “Ağıllı kənd” layihəsi, həmçinin beynəlxalq hava limanının tikintisi sürətlə davam etdirilir. Erməni vandalizminə məruz qalan Zəngilanda yaşıllaşdırma işləri də həyata keçirilir, meşəliklər salınır. Ermənistanın ekoloji terroruna məruz qalan Oxçuçayla bağlı həqiqətlər də daxil olmaqla, düşmənin vurduğu ziyanlar beynəlxalq aləmə çatdırılır. Azərbaycan dövləti Böyük Qayıdışa həm də bu rayondan başlamağı hədəfləyib.

Bu ilin 28 mayında Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlanıb. Dövlət Sərnhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin iştirakı ilə keçirilən açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzibati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana, ərzaq, əşya və silah anbarlarına, avtomobil parkına və digər yerlərə, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib. Göründüyü kimi, dövlətimiz həm Zəngilanı yenidən qurur, həm də mühafizəsi üçün lazım olan addımları atır.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qulu Məhərrəmli: “Zəngilandakı işlərə fəxarətlə baxırıq və hiss edirik ki, bu ölkənin, bu dövlətin yiyəsi var, sahibi var, onu qoruyanı, ordusu var”

Əslən Zəngilandan olan professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, işğaldan azad olunmuş rayonların içərisində bu dəqiqə ən sürətli yenidənqurma işləri Şuşada və Zəngilanda aparılır: “Digər rayonlarda da müəyyən layihələr reallaşdırılır. Bunlar hamısı sevindirici haldır, təqdirəlayiqdir. Amma mən elə bilirəm ki, Şuşanın və Zəngilanın xüsusi önəmi var. Niyə? Şuşa bütün azərbaycanlılar üçün rəmzdir, bu, öz yerində. Amma Zəngilanın da cazibəsi ondadır ki, o, həm İranla, həm Ermənistanla həmsərhəddir, həm də Zəngəzur dəhlizinin giriş qapısıdır, onun başlanğıcındadır. Rayonda infrastruktur tədricən qurulur. Digər rayonların içərisində ilk ”Ağıllı kənd” Zəgilanda salınır, artıq xeyli işlər görülüb. Bu yaxınlarda TRT Zəngilandakı həmin “Ağıllı kənd”in tikintisindən çox gözəl reportaj verdi. Adam qürur hissi keçirir ki, sənin kəndində bu qədər möhtəşəm işlər aparılır”. Q.Məhərrəmli bildirdi ki, həmin “Ağıllı kənd” onun doğulduğu Babaylı kəndinin təxminən 1 km-liyindədir: “Bu işlərin aparılması çox önəmlidir. Elə bu gün xəbər yayıldı ki, Zəngilan ərazisində teleradio yayımı bərpa olunub. Bu, çox müsbət hadisədir, çünki kənar dalğaların qarşısını alır. İnfrastruktur yaradılır, insanlar tədricən məskunlaşır, əlbəttə, bunlar hamısı ürəkaçan hadisələrdir, biz bundan yalnız və yalnız məmnun oluruq. Zəngilanda həyata keçirilən işlərə fəxarətlə baxırıq və hiss edirik ki, bu ölkənin, bu dövlətin yiyəsi var, sahibi var, onu qoruyanı, ordusu var. Ona görə də bütün bunlar Azərbaycan xalqını, həmçinin zəngilanlıları məmnun edir”. Qulu müəllim təəssüflə bildirdi ki, hələlik Zəngilanı ziyarət etmək imkanı olmayıb, amma bir müddət sonra sənədli film çəkilişi ilə bağlı dogma yurda getməyi planlaşdırır.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov: “5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir”

“Düz 1 il öncə, müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olunduğunu bildirmişdi”. Bu fikirlər isə deputat Vüqar Bayramova məxsusdur. V.Bayramov Zəngilan rayonunun iqtisadi potensialını yüsək dəyərləndirib: “5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur”. Millət vəkili digər məqama da diqqət çəkib: “Qeyd edim ki, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil, onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək. Horadizlə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür”. Eyni zamanda V.Bayramov bildirib ki, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir: “Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq. Qarabağ Azərbaycandır! Zəfərimiz əbədi olsun. Allah şəhidlərimizə rəhmət etsin!”

Ordumuzun yazdığı şərəf tariximizin daha bir şanlı səhifəsini vərəqlədik – Zəngilan səhifəsini. Şükürlər olsun, artıq Zəngilanın işğal tarixini ürək ağrısı ilə qeyd etmək keçmişdə qaldı. Ancaq keçmişi unutmamalıyıq, düşmən çox məkrlidir…

Daha çox xəbərlər