İslahatların əsas hədəfi: Sosial rifah və vətəndaş məmnunluğu
Bu gün planetimiz və onun bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Ötən il pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların da əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılandı və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çox idi. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırdı. Yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək aldı. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənildi. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərdi.
Ölkəmizdə işsizliklə bağlı məsələlər də daim diqqət mərkəzində saxlanılır, əhalinin sosial rifahını qorumaq üçün mühüm addımlar atılır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bundan əlavə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarının icrası bölgələrin malik olduqları potensialdan səmərəli istifadəni təmin edir. Artıq 4-cü sənədin icrası uğurla həyata keçirilir. Bu Dövlət proqramlarının icrası nəticəsində 2 milyondan artıq yeni iş yerinin açılması özlüyündə işsizlik probleminin həlli deməkdir. Hazırda işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Özünüməşğulluq proqramları uğurla icra edilir. Ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi üçün ABAD mərkəzlərinin coğrafiyası genişlənir. Bu mərkəzlərin dəstəyi əsasında rəqabət gücləndirilib, hər bir ailə öz məhsulu ilə bazarlara çıxmağa səy göstərir. Sağlam rəqabət bazarlara çıxarılan məhsulların kəmiyyəti ilə yanaşı, keyfiyyətlərinə də öz müsbət təsirini göstərir. Bu gün iri marketlərdə ABAD-ın məhsullarına geniş şəkildə rast gəlmək mümkündür. Bu dəstək sayəsində ailə təsərrüfatları fəaliyyətlərini genişləndirməklə yanaşı, sosial durumlarını da yaxşılaşdırırlar. Bu faktlar bir daha onu göstərir ki, sosial müdafiənin gücləndirilməsi prioritetdir. Dövlət hər bir vətəndaşının yanında olaraq ona dəstəyini bu və ya digər formada ifadə edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında 30,9 min yeni iş yeri yaradılmışdır. Bunların 89,1 faizi qeyri-dövlət sektoruna aiddir. İş yerlərinin 11,7 faizi yeni yaradılmış, 85,5 faizi mövcud, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,2 faizi digər tədbirlər üzrə açılmışdır.
Respublikada ixrac prosesinin diqqətdə saxlanılması da iqtisadi artıma təkan verib. İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına əsasən, cari ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon ABŞ dolları və ya 37,1 faiz artıb.
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na və son illərin təcrübəsinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sı da qarşıdakı dövrdə iqtisadi artımdan xəbər verir. Yeri gəlmişkən, mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan bu sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Açıqlamada 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin isə 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır.

