“Vətən yaxşıdır” deyən – Xudayarsız bir il/FOTO/VİDEO
Xudayar Yusifzadənin şəhadətindən bir il ötür
Sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı. Amma bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, Xudayar Yusifzadə kimi.
22 yaşında oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə qəlbimizdə taxt quran, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin şəhadətindən bir il ötür.
Bu gün təkcə onu yaxından tanıyanlar yox, sosial şəbəkələrdə yayılan kadrlarda görənlər də Xudayarı yad etmək üçün Bərdə Şəhidlər Xiyabanına üz tutur.
Qeyd edək ki, Xudayar 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub. Gizir Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Bərdədə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.



