Cəbhədən Xəbər 

2020-ci ilin 22 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

ARANTV.AZ  44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin iyirmi altıncı günü

Gecə ərzində cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etmişdir. Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki vermişdir. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşmüş, taborun qərargah rəisi isə məhv edilmişdir. 543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanmış, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilmişdir.

Saat 09:15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən Füzuli rayonu ərazisindəki mövqeləri reaktiv artilleriya sistemlərindən atəşə tutmuşdur.

Səhər saatlarından başlayaraq Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulmuşdur.

Saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09:00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılmışdır. Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəymişdir. Həmçinin Ermənistan silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkə üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşmüşdür.

Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.

Daha çox xəbərlər