Ağır yaralansa da,döyüş yoldaşlarını tərk etmədi…
Vətən müharibəsi şəhidi Vüsal İsmayılzadənin anım günüdür
27 sentyabr 2020-ci il…44 günlük Vətən müharibəsinin başlandığı gün… 30 ilə yaxın düşmən tapdağı altında qalan doğma Qarabağımızın işğaldan azad edilməsi ilə Azərbaycan xalqının özünə inamı artdı.Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əks-hücum əməliyyatları nəticəsində ərazi bütövlüyümüz bərpa edildi. Xalqımızın Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsi, Prezident İlham Əliyevin dünyanın 30-dan çox aparıcı media qurumlarına verdiyi müsahibələr,informasiya müharibəsini uğurla aparması,möhtəşəm diplomatiyası Qələbənin əldə olunmasında mühüm rol oynadı.
Bu gün Vətən müharibəsində xalqımızın qəhrəmancasına şəhid olan vətənpərvər oğullarından biri-Vüsal Əlibəndə oğlu İsmayılzadənin anım günüdür.
Vüsal İsmayılzadə 2001-ci il oktyabrın 17-də Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub.Burada böyüyüb boya-başa çatan Vüsal İsmayılzadə 2007-2018-ci illərdə Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə orta təhsil alıb.2019-cu il oktyabrın 23-də müddətli həqiqi hərbi xidmətə yollanıb.Hərbi xidmətdə olduğu müddətdə zabit və əsgər yoldaşlarının rəğbətini qazanıb.O, vətənpərvər və dostlarını sevən biri idi.2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Vüsal İsmayılzadə və əsgər yoldaşları cəbhə bölgəsinə yollanırlar.Əvvəlcə Füzuli, sonra Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsində fəal iştirak edib.Oktyabrın 22-də Xocavənd rayonunda gedən gedən döyüşlər zamanı Vüsal İsmayılzadə və əsgər yoldaşları raket atəşinə tuş gəlir və ağır yaralanırlar.Vüsal İsmayılzadə burada da qəhrəmanlıq göstərərək yaralı döyüş dostlarını maşına mindirməyə kömək edir.Əsgər yoldaşlarının bir neçəsinə yer olmadığı üçün təkidlərə baxmayaraq,dostlarını yaralı vəziyyətdə buraxıb getmir.Dostlarının yanında qalıb yaralıları aparan maşının gəlməyini gözləyir.Yaralı olduğu üçün həddən artıq qan itirir və hərbi hospitala çatdırılarkən Şəhidlik zirvəsinə ucalır.O,2020-ci il oktyabrın 23-də Buzovnada yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarına qatılan və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vüsal İsmayılzadə dövlət başçımız İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” ,Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, Xocavənd rayonunun azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, həmçinin Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib,xatirəsinin əbədiləşdirilməsi məqsədilə Buzovnada adını daşıyan bulaq açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!
Günel Faiqqızı



