Sosial 

Bu il Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib- Umayra Tağıyeva

Son illərdə biz gündəlik həyatımızda iqlim dəyişmələrinin təsirləri ilə üzləşirik. Dövlətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələr iqlim dəyişmələrinə qarşı həssasdır. İqlim dəyişmələri üzrə hökumətlərarası danışıqlar prosesləri zamanı müxtəlif fikirlər söylənilir. Onlardan biri də ölkələrin tarixən cavabdehliyi məsələsidir. Bəzi dövlətlər tərəfindən irəli sürülən məsələ ondan ibarətdir ki, daha çox emissiyalara sahib olan ölkələrin iqlim dəyişmələri ilə mübarizədə payı daha əhəmiyyətli olmalıdır. Hazırda inkişaf etmiş və ya inkişafda olan ölkə olmasından asılı olmayaraq, hamımız iqlim dəyişmələrinin qarşısında həssasıq. Bunun bariz nümunəsi kimi qeyd edə bilərəm ki, son onillikdə təbii fəlakətlərin sayı 5 dəfə artıb.

ARANTV.AZ xəbər verir ki,  bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə deyib.

Xidmət rəisinin sözlərinə görə, qlobal emissiyalarda Azərbaycanın payı 0.15 faiz təşkil edir. Buna baxmayaraq, Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdən biridir: “Bunu bizim çoxillik meteoroloji məlumatların təhlili sübut edir. Əgər 1960-2000-ci illərdə ölkədə il ərzində sel və daşqın hadisələri 2-3 dəfə baş verirdisə, ötən il həmin hadisələrin sayı 35-ə çatıb. Bu il isə Azərbaycanda 37 sel və daşqın hadisəsi baş verib. Son iki ildə yaşadığımız quraqlıq həm iqtisadiyyat, həm də əhali üçün böyük problemlər yaşadıb. Bu da iqlim dəyişmələrinin fəsadlarıdır. Kənd təsərrüfatı üçün risklər artıb. İqlim dəyişmələri həm Azərbaycan, həm də digər ölkələrin dayanıqlı inkişaf məqsədlərinə çatması yolunda çətinliklər yaradır. Odur ki, bütün ölkələrin səylərini birləşdirməsinin məqamıdır”.

U.Tağıyeva bildirib ki, Azərbaycanın qəbul etdiyi öhdəlik 1990-cı illə müqayisədə 2030-cu ildə istilik effekti yaradan qazların emissiyalarının 35 faiz azaldılmasıdır. Bu, kifayət qədər ambisiyalı öhdəlikdir: “Bizim götürdüyümüz öhdəlik bir çox ölkələr tərəfindən qəbul edilən öhdəliklərdən daha ambisiyalıdır. Həmin məsələ ölkə səviyyəsində müzakirə olunur və yeni öhdəliklərə baxılır. Görünən odur ki, Azərbaycan COP26 konfransına əliboş getməyəcək. Hər şeyə rəğmən, ölkə öz öhdəliklərini yeniləmək niyyətindədir. Hazırda dövlətdaxili prosedur həyata keçirilir və bu yaxınlarda ölkənin rəsmi mövqeyi açıqlanacaq”.

Daha çox xəbərlər