Gündəm 

Zəngilan nəylə zəngindir?

Azərbaycan Böyük Britaniya şirkəti ilə qızıl müqaviləsinin müddətini sıfırladı

Azərbaycanın işğaldan azad olunmuş rayonlarından biri də Zəngilandır. İndiki Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik ərazidə yerləşir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır.

Rayonda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 milyon ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Hazırda Azərbaycan hökuməti bütün azad olunmuş ərazilərdə təbii resursların yenidən qiymətləndirilməsini həyata keçirir. Eyni zamanda, xüsusilə tikinti materiallarının istehsalının sürətlə təşkil olunması nəzərdə tutulur. Belə ki, azad olunan ərazilərdəki nəhəng bərpa işləri böyük həcmdə tikinti materiallarına ehtiyac yaradacaq. Bir neçə həftə əvvəl Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli atılıb. Prezident İlham Əliyevin zonanın yaradılmasına dair fərmanında qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvanla nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranıb. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcək. Nəzərdə tutulan strateji istiqamətlərin uğurla həyata keçirilməsi üçün bölgədə logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi olduqca mühümdür.

Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi,  bütün infrastruktur qurulacaq - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Bir neçə gün öncə işğaldan azad olunmasının birinci ildönümündə Zəngilanda olan dövlət başçısı bildirib ki, Zəngilanın yeni dövrü başlayır: “Şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər”.

Prezident Zəngilanın ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcəyini xüsusi qeyd edib: “Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq… Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək”.

Vejnəli qızıl yatağı: Torpaqlarımızla bərabər milli sərvətlərimiz də azad  olunur | No Comment

Qeyd edək ki, Zəngilan rayonundakı Vejnəli qızıl yatağı işğal altında olduğu dövrdə erməni iş adamı və xarici şirkət tərəfindən istismar olunur. Prezident həmin şirkətlərin beynəlxalq məhkəməyə veriləcəyini vurğulayıb: “Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik, yaxın gələcəkdə eşidəcəksiniz. Onların bu işdən boyun qaçırmaq cəhdləri demək olar ki, imkansızdır. Çünki hər şey göz qabağındadır. Başqa ölkənin ərazisində qanunsuz işlər görüb, buradan qızılı qanunsuz olaraq daşıyıb və dünya bazarlarında satıb. Biz onlarla əlbir olanları da məsuliyyətə cəlb edəcəyik. Beynəlxalq hüquqşünasları da cəlb etdik”.

Onu da bildirək ki, Vejnəli yatağının istismarı 1997-ci ildə imzalanan hasilatın pay bölgüsü sazişi əsasında Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkətinə verilmişdi. Lakin ərazilər işğalda olduğuna görə şirkət müqavilədə nəzərdə tutulan müddətdə yataqda işlərə başlaya bilməyib. “Anglo Asian Mining Plc”dən verilən məlumata görə, Azərbaycan hökumətinin qərarı ilə sentyabrın 28-də həm Vejnəli, həm Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü, həm də Ağdərə rayonundakı Qızılağac yataqları üzrə sazişlərin müddəti sıfırlanıb. Yəni sazişdə nəzərdə tutulan 20 illik kəşfiyyat və istismar müddəti 1997-ci ildən deyil, Azərbaycan hökuməti ərazini minalardan təmizləyərək, orada işləməyin təhlükəsizliyinə təminat verdiyi vaxtdan hesablanacaq: “Şirkət Azərbaycan hökumətindən ilkin kəşfiyyat məlumatlarını əldə edib, geoloji məlumatların toplanmasına başlayıb. İlkin qiymətləndirmələr çox ümidvericidir və geoloji qrup mineral ehtiyatların mənimsənilməsinə başlayacağına ümid edir. Geoloji-kəşfiyyat planlaması çox yüksək səviyyədə həyata keçirilir. Regionda faydalı qazıntıların hasilat həcmlərini nəzərə alsaq, təbii sərvətlərin artım potensialı çox böyük ola bilər”.

Daha çox xəbərlər