Sosial 

Şəhid ailəsində qan donduran faciə, ata-anasız qalan 3 uşağın taleyi – Nazirlik söz verdi

Fazil Talıblı: “Biz özümüz bu ailənin maksimum diqqətdə saxlanılmasını təmin edəcəyik…”

Ötən gün Kürdəmir rayonunda baş verən, şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Belə ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər. Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Günel Ələsgərovanın ailəsindən mətbuata verilən açıqlamaya görə, mərhumun 3 övladı qalıb. Ötən gündən etibarən sosial şəbəkələrdə fotoları yayılan şəhid və həyat yoldaşının acı taleyi hər kəsi kədərləndirib. Belə ki, o, həyat yoldaşının il mərasimi üçün Zərdaba gedirmiş. Günel Ələsgərovanın qayınatası Qədir Hüseynov publika.az-a açıqlamasında bildirib ki, sükan arxasında olan gəlini avtomobili yüksək sürətlə idarə edirmiş.

Q.Hüseynov qəzaya da məhz yüksək sürətin səbəb olduğunu qeyd edib: “Orada heç kəsin günahı yoxdur, sürət yüksək olub. Ehtimal olunur ki, gəlinim sükan arxasında yatıb və nəzarəti itirərək yoldan çıxıb. Çünki bildiyim qədərilə sürət çox yüksək olub. Gəlinim ayın 21-də oğlumun ildönümündə iştirak etmək üçün Zərdaba gəlirmiş. Rayona 20 kilometr qalmış bu bədbəxt hadisə baş verib. Sonuncu dəfə mən gəlinim Günel Ələsgərova ilə hadisədən bir gün əvvəl – oktyabrın 20-də Bakıda mərasimdə bir yerdə olmuşuq. O və nəvələrim şəhərdə yaşayır, buna görə də şəhid balamın il mərasimini ayın 20-də Bakıda qeyd etdik və biz qayıtdıq. Səhərisi gün isə Günel bizə gəlirmiş. Nə bilərdi ki, belə olacaq”.

Şəhid yoldaşına qovuşan Günel Ələsgərova - Baku TV - YouTube

Qədir Hüseynov bildirib ki, Günel Hüseynova ilə yanaşı avtomobildə daha 2 nəfər olub: “Yanında kiçik nəvəm və ehtiyatda olan hərbçilərdən bir nəfər var imiş. Qəza baş verən zaman maşında olan kiçik nəvəm hazırda yaxşıdır, heç bir xəsarət almayıb. Sanki elə bil nəvəm o əzik maşından çıxmayıb. Amma digər şəxs rəhmətə gedib. Həmin şəxsin kimliyini isə bilmirəm, tanımadığım biridir. Hərbçilər hamısı bizə gedib-gəliblər, həmin şəxs də gəlib. Ancaq onu yadımda saxlaya bilməmişəm ki, kimdir. Gəlinim Zərdaba gələcəyi ilə bağlı bizə heç xəbər verməyib, ona görə də kiminlə gəldiyi ilə bağlı da bizi məlumatlandırmayıb”.

Ötən gün avtomobil qəzası zamanı həyatını itirmiş Günel Ələsgərovanın qayınanası Həqiqət Hüseynova da danışıb.

Şəhid Rəhim Hüseynovun anası ATV-də yayımlanan “Bizimləsən” verilişində ölümündən iki dəqiqə əvvəl gəlini ilə danışdığını deyib: “Biz Şəhidlər Xiyabanına ziyarətə getmişdik. Mən Rüfəti (nəvəsi) götürüb özümlə qayıtdım. Kiçik və böyük oğulları isə Günellə qalmışdı. Hər gün biz Günellə əlaqə saxlayırdıq. Günelə zəng vuranda mənə dedi ki, çayı qızdır gəlirəm. İki dəqiqə sonra mənə yenidən onun telefonundan zəng gəldi. Danışan başqa bir kişi idi. Mənə bildirdi ki, uşağı götürüb gedəcək. Güneli soruşdum ki, bəs o hanı? Dedi ki, xəbəri yoxdur, hadisə yerindən keçərkən uşağı görüb və dayanıb. Təcili tibbi yardım maşınları var və kimi hara apardıqlarını bilmir”.

Şəhid ərinin anım mərasiminə gedən qadın faciəli şəkildə öldü - VİDEO

Qeyd edək ki, hadisə zamanı anası ilə birlikdə maşında olan azyaşlı yaralansa da hazırda vəziyyəti yaxşıdır. İndi isə əsas məsələ şəhidimiz Rəhim Hüseynov və həyat yoldaşı Günel Ələsgərovadan yadigar qalan 3 azyaşlının, gələcəyin əsgərləri olan 3 oğul övladının taleyidir. Bu məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı bildirdi ki, uşaqların sosial durumu daim nazirliyin diqqətində olacaq: “O uşaqlar yaxın ailə üzvlərinin qəyyumluğuna veriləcək. Bununla biz məşğul olmuruq, yerli icra hakimiyyəti orqanı məşğul olur və məhkəmə qaydasında müəyyən olunur. Bizim səlahiyyətimiz çərçivəsində deyil. Amma bu 3 uşaq həm şəhidimizin vərəsəsi kimi, həm də xanımın vəfatından sonra şəhidimizin adına yönələn bütün sosial xidmətlər, ödənişlər, prezident təqaüdü və pensiya onun övladlarına ödəniləcək.

Canlı yayında Rey Kərimoğlu və Fazil Talıblının iştirakı ilə birdəfəlik  müavinətlər mövzusu müzakirə edilib - VİDEO

 Fazil Talıblı

Əvvəl ailə başçısını itirməyə görə pensiya bərabər bölünməklə ödənilirdi, indi isə tam şəkildə uşaqlara ödəniləcək. Biz özümüz bu ailənin maksimum diqqətdə saxlanılmasını təmin edəcəyik. Bu itkiyə görə biz özümüz də çox pis olduq, bu ailəni yaxından tanıyırdıq. Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Rəhim Hüseynovun ailəsi idi, onun gül balalarını verilişə də çəkmişdik. Dünən həmin veriliş yayımlanacaqdı və bu faciə baş verdiyindən yayımlaya bilmədik, bir qədər ertələdik. Ailənin sosial durumu daim diqqətimizdə olacaq”.

Daha çox xəbərlər