Paşinyan qəfil vəzifəsindən getsə…
Beynəlxalq hüquq üzrə ekspert: “Kapitulyasiya sənədi bir şəxsin yox, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir”
Erməni şərhçilərindən biri iddia edib ki, baş nazir Nikol Paşinyan qəfil istefa versə və ya başqa formada vəzifəsindən gedən kimi Ermənistan adına onun imzaladığı kapitulyasiya aktı -10 noyabr üçtərəfli bəyanatı ilə götürdüyü öhdəliklər avtomatik sıfırlanacaq və Ermənistanın məğlub durumdan imtinası üçün şans yaranacaq.
Bunu indi həm də belə əsaslandırırlar ki, Paşinyanın xalq arasında reytinqi xeyli düşüb. Son (17 oktyabr) yerli seçkilərin nəticələri də bunu təsdiqləyir. Belə ki, Paşinyanın partiyası 9 icmaya seçkilərdə cəmi 3 icmada qalib gəlib. Paşinyanın rəqibləri hesab edir ki, bu seçkilərin nəticələri onun hakimiyyət ömrünün az qalması deməkdir və o, vəzifədən getdikdən sonra 10 noyabr və 11 yanvar razılaşmaları qüvvədən düşəcək.
Bu cür iddialar nə dərəcədə əsaslıdır? Məgər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli sənədləri beynəlxalq sənəd deyil, yoxsa onlar mütləq parlamentlər tərəfindən də ratifikasiya olunmalıdır? Paşinyan hansısa səbəbdən hakimiyyətdən getsə, həmin sənədlər qüvvədən düşürmü?
Beynəlxalq hüquq üzrə ekspert, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, bir sıra erməni siyasi şərhçilər ya beynəlxalq hüququ bilməməklərindən, ya da bilərəkdən qəsdən o cür qeyri-ciddi açıqlamalar verirlər: “Ermənistanda 10 noyabr üçtərəfli bəyanatın və 11 yanvar tarixli razılaşmalarda üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi Ermənistan dövlətinin üzərinə düşür. Çünki həmin sənədləri Ermənistan dövlətini rəsmi təmsil edən şəxs – baş nazir imzalayıb və dövlət bununla üzərinə öhdəlik götürmüş olub. Bu, bir şəxsin öz üzərinə götürdüyü öhdəlik deyil, dövlətin üzərinə götürülən öhdəlikdir. Dövlətin rəsmi təmsilçisinin imza atdığı sənədlər beynəlxalq hüquqi sənədlərdir. Həmin beynəlxalq hüquqi sənədlər də məhz dövlətin üzərinə hüquqi öhdəliklər qoyur.

Xəyal Bəşirov
Sabah Ermənistanın baş naziri Nikol Paşinyan yox, başqa birisi olsa, bu o demək deyil ki, 10 noyabr üçtərəfli bəyanatı və 11 yanvar razılaşması qüvvədən düşəcək”. Ekspertin sözlərinə görə, Paşinyanın vəzifədən gedəcəyi halda həmin sənədlərin etibarsız olacağı barədə iddia irəli sürənlər özlərini gülünc vəziyyətə salırlar: “Bu cür iddianı irəli sürmək üçün ya tamamilə hüquqdan, siyasətdən bixəbər olmalısan, ya da yalançı, xalqını aldatmağı adi hesab edən birisi olmalısan. Belə fikirlər Ermənistan cəmiyyətini daha da bataqlığa sürükləməkdir. Eyni zamanda, beynəlxalq hüquqa qarşı çıxmaqdır. İmzalanan sözügedən sənədlər o zaman qüvvədən düşə bilər ki, Ermənistan dövləti yox olub tarixə qovuşsun. Nə qədər ki, Ermənistan beynəlxalq hüquqda bir dövlət kimi qəbul edilir, onun adından imzalanan sənədlər də sənədi hansı şəxsin imzalamasından asılı olmayaraq beynəlxalq hüquqi sənədlərdir. Bundan sonra Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq 10 noyabr və 11 yanvar tarixli sənədlərdəki öhdəliklərin yerinə yetirilməsi Ermənistan dövlətinin borcudur. Sadəcə olaraq, Paşinyanın hakimiyyətdə qalması təbii ki, həmin razılaşmaların mümkün qədər tez və tam olaraq yerinə yetirilməsi üçün lazımdır. Paşinyanın rəqibləri revanşist qüvvələrdir, müharibə tərəfdarlarıdır. Onun hakimiyyətdən gedəcəyi və həmin qüvvələrin təmsilçisinin hakimiyyətə gələcəyi halda 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsini müəyyən müddətə ləngidə bilərlər. Ancaq ondan imtina etmələrinə ilk növbədə Rusiya imkan verməz. Əgər kimsə o öhdəlikdən imtina etdiyini bəyan eləsə, bu o demək olacaq Ermənistan sülh yox, müharibə yolunu seçdi. Öhdəlikdən imtinanın alternativi müharibədir. Ermənistan isə artıq Azərbaycanla müharibə etmək imkanında, gücündə deyil. Daha bir müharibə Ermənistanın tam çöküşü demək olar”.
X.Bəşirovun dediyinə görə, məsələnin başqa bir tərəfi odur ki, bu gün də Ermənistan cəmiyyətində Paşinyanın nüfuzu revanşist qüvvələrin nüfuzundan yüksəkdir. Paşinyanın istefa verməsi üçün bu gün əsaslar mövcud deyil.

