“Minsk üçlüsü”ndən Bakıya qarşı daha bir qərəzli gediş
Siyasilər və ekspertlərdən maraqlı şərhlər: “Anlamalıyıq ki, ABŞ, Fransa və Rusiya Azərbaycana dost ölkələr deyil”
Azərbaycanın Müstəqillik Gününün bərpasının 30-cu ildönümü ilə bağlı ABŞ, Fransa və Rusiyadan yalnız səfirliklər səviyyəsində quru təbriklər gəldi. Bir də XİN başçısı Ceyhun Bayramovla ABŞ dövlət katibinin müavini Karen Donfrid arasında telefon danışığı oldu.
Halbuki, hər üç dövlətin prezidenti (Bayden, Makron və Putin) və üstəlik, ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın “müstəqilliyinin” 30-cu ildönümü ilə bağlı (21 sentyabr) bu ölkənin rəhbərləri Nikol Paşinyan və Armen Sərkisyana təbrik məktubları göndərmişdilər. “Minsk üçlüsü” dövlətlərin bu yanaşması təsadüfdürmü?
Yada salaq ki, Şuşaya da bu üç dövlətin səfirləri danki sözü bir yerə qoyaraq getməmişdilər. Nə baş verir? Bakıya qarşı daha bir “ikili standart” yanaşması nədən xəbər verir, yoxsa belə şeylərə fikir verməməliyik?

Ceyhun Məmmədov
YAP-çı deputat Ceyhun Məmmədov belə məsələlərdə susqun qalmağın əleyhinədir: “Təəssüflər olsun ki, ”ikili standartlar” davam edir. Yenə də bir sıra xarici ölkələr, xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, beynəlxalq qurumlar Azərbaycanla Ermənistana eyni münasibəti sərgiləmirlər. Biz “ikili standartları” bu məsələlərdə açıq şəkildə görürük. Ermənistana müstəqilliyin 30 illiyi münasibətilə məktubu biz yaxşı xatırlayırıq. Amma Azərbaycana gəldikdə isə, 30 illiklə bağlı hansısa bir təbrikə, eləcə də, müraciətə biz rast gəlmədik. Bu da onu göstərir ki, ortada həqiqətən “ikili standartlar” mövcuddur. Məsələyə yanaşmamız belə olmalıdır ki, bunu biz bilirik, əvvəlki dövrlərdə də olub. Biz yeri gələndə, məqamı düşəndə bu “ikili standartlar”a öz münasibətimizi, reaksiyamızı mütləq bildirməliyik. Eyni zamanda, biz bunlara fikir verməməliyik. O mənada fikir verməməliyik ki, öz haqq davamızı aparmalıyıq. Həmin dövlətlərlə, beynəlxalq qurumlarla sıx işləməliyik. İstənilən halda bu mövqelərə reaksiyasız qalmamalıyıq. Qəti şəkildə mövqelərin ifadə edilməsi davam etdirilməlidir. Beynəlxalq görüşlərdə, həmin ölkələrin rəsmiləri ilə təmaslarımızda mütləq yanaşmamız və narazılığımız ifadə olunmalıdır”.

Əhəd Məmmədli
Siyasi şərhçi Əhəd Məmmədli Qarabağ məsələsinin həllinə fikir ayrılmasını vacib sayır: “Əslində bu təəccüblü deyil. ABŞ, Fransa və Rusiya dövlətlərinin səfirləri Şuşaya getməkdən imtina etdilər. İndi də Ermənistanın baş naziri və prezidenti səviyyəsində təbriklər göndərilir. Amma bizə təbriklər göndərməyə can çəkirlər. Qarabağ bəlkə də yeganə konfliktdir ki, Amerika və Rusiyanı birləşdirir, yəni eyni mövqedən çıxış edirlər. Bu məsələdə Azərbaycanın yanında deyirlər. 44 günlük haqq savaşımızda, ondan əvvəl də, sonra da bu belə olub. Azərbaycan bu cür halların olacağını göz altına alıb, hər an hər şeyə hazır olmalıdır. Qarabağ məsələsini birdəfəlik həll etməyə çalışmalıyıq. Lap Rusiya, ABŞ və Fransanı qarşımıza alsaq belə bunu həll etməliyik. 44 günlük Vətən müharibəmizdə Azərbaycan 80% bu işin öhdəsindən gələ bildi. Üç həmsədr ölkənin Azərbaycana qarşı münasibəti adekvat olmalıdır. Anlamalıyıq ki, Amerika, Fransa və Rusiya Azərbaycana dost ölkə deyillər”.

Akif Nağı
QAT sədri Akif Nağı bu cür təzyiq metodlarının cılız olduğunu söylədi: “Bu cür yanaşmaları qətiyyən diqqətdən yayındırmamalı, özümüz üçün nəticə çıxarmalıyıq. Sizin dediyiniz dövlət katibinin köməkçisi də Ceyhun Bayramova təbrik üçün telefon açmamışdı, regiondakı yeni vəziyyəti müzakirə üçün təşəbbüs etmişdi. Səhərisi gün eyni zəngi Ermənistanın da xarici işlər nazirinə etdi, eyni məsələləri də müzakirə etdi. Üç həmsədr ölkənin bu hərəkətini siyasi təzyiq cəhdi kimi dəyərləndirməliyik. Görünür, Azərbaycanın həmsədrlərlə bağlı sərt mövqe sərgiləməsi onları narazı salıb, heç cəhdlə məqsədlərinə nail ola bilmirlər. Azərbaycan həmsədrlərin regiona səfərinə razılıq verib. Amma müzakirə olunacaq məsələlərin çevrəsi hələ dəqiqləşməyib. Azərbaycan onların istədiklərinə getmək istəmir. Ona görə də bu cür xırda, cılız metodlarla təzyiq göstərməyə çalışırlar. Rəsmi Bakı onların bu hərəkətlərini özü üçün qeyd etməli, amma o qədər də ciddi fikir verməməli, öz işində olmalıdır”.

Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəylinin məsələyə münasibəti qısa olsa da, diqqət çəkir: “Səbəbi odur ki, 18 oktyabr Azərbaycanda müstəqillik günü yox, müstəqilliyin bərpası günüdür. Ermənistanda isə əsas dövlət bayramı – Müstəqillik günü sentyabrın 21-də qeyd olunur. Tarixi reallığa və qanunvericilikdə edilən son dəyişikliyə görə bizim dövlət müstəqilliyi günü mayın 28-dir. Bu baxımdan əsas təbriklər də həmin gün gələcək”.

