Sosial 

Gözəl bədən quruluşunu saxlamaq üçün 5 SADƏ MƏSLƏHƏT

Britaniyalı həkim-diyetoloq Maykl Mosli çəkini nəzarətdə saxlamaq və sağlam həyat sürmək istəyənlərə bir neçə sadə məsləhət verib.

ARANTV.AZ  xəbər verir ki, onun tövsiyələrini “Express” dərc edib.

Moslinin sözlərinə görə, pəhriz saxlamaq həqiqətən çətindir, lakin istədiyin çəkini uzun müddət qorumaq ondan da çətindir və bunu 5 nəfərdən yalnız biri edə bilir.

İstədiyiniz çəkini saxlamaq üçün həkim aşağıdakı məsləhətləri verib:

1. Qəbul edilən kalorilərin miqdarını nəzarətdə saxlamaq. Hər kəs üçün yaş, çəki və əzələ kütləsinə uyğun olaraq, norma müəyyən edilməlidir. Ən əsas göstərici isə metabolizm sürətidir. Heç bir şey etməyib, sadəcə oturduqda da yandırılan kalorilərin miqdarı həmin sürətdən asılı olaraq dəyişir.

2. Fiziki məşqlər. Çox vaxt insanlar mütəmadi olaraq idman etməkdə çətinlik çəkirlər. Ona görə də, heç olmasa, hər yarım saatdan bir işə ara verib 5 dəqiqə yüngül idman hərəkətləri etmək məsləhətdir. Bundan başqa, diyetoloqun sözlərinə görə, gün ərzində kiçik gəzintilər etmək birbaşa 10 min addım keçməyə çalışmaqdan yaxşıdır.

3. Mütəmadi olaraq tərəziyə çıxmaq və bədən ölçülərini götürmək. Lakin asılılıq yaratmamaq üçün bunu tez-tez etmək məsləhət deyil.

4. Eyni düşüncədə olan və ortaq hədəflərə malik insanlardan dəstək almaq. Sizi ruhdan salan, “bir tikə ilə heç nə olmaz”, “5 günlük dünyadır, ye, iç, kef elə” kimi sözlərlə “yoldan çıxarmağa” çalışan insanlardan mümkün qədər uzaq durmaq məsləhətdir.

5. Evdəki zərərli məhsulları faydalı qidalarla əvəzləmək. Bu yolla “atışdırma” problemini həll etmək olar. Necə deyərlər, “gözdən uzaq, könüldən iraq”. Gözünün özündə, əlinin altında zərərli yemək olmasa, insanın nəfsi onu çəkməyəcək, çəksə də, yeməyəcək.

Daha çox xəbərlər