Azərbaycanda kredit faizləri niyə yüksəkdir? – VİDEO
Bəzən təcili pul axtarışında olan şəxsi ilk növbədə bankdan götürdüyü kreditin faizi maraqlandırmasa da, sonradan bu, bir çox problemlərə səbəb olur. Uzun müddət edilən ödənişlərin müqabilində borcun bitməməsi kredit götürən şəxsi faizlər haqqında düşünməyə vadar edir. Amma necə deyərlər bu vaxt artıq gec olur, həm borcu, həm də borcun özündən də yüksək olan faiz dərəcələrini borcalan geri qaytarmalıdır.
Azərbaycanda hazırda kredit faizləri orta hesabla təqribən 14.2 faizdir, bu faizlər son illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalmiş rəqəmlərdir, amma yenə də qonşu ölkələrlə müqayisədə faizlər yüksəkdir. Yüksək faiz dərəcələri isə borcun geri qaytarılmasında əlavə maneələr yaradır və bu da problemli kreditlərin artmasına səbəb olur. Bəs ölkəmizdə kreditlərin faizlərini yüksək saxlayan səbəb nədir? İqtisadçı ekspert Cavanşir Abdullayev ən əsas səbəbin bankların götürdüyü əmanətlərin də başqa ölkələrdən fərqli olaraq Azərbaycanda yüksək olduğunu deyir.
Daha sonra verilən kreditin geri qayıtmama ehtimalı, bankın saxlanma xərcləri və mənfəətini də nəzərə alanda kreditin faiz dərəcəsi təqribən 15 faizə bərabər olur. Mərkəzi Bankın uçot dərəcəsinin təqribən 6.5 faiz olmasının, yəni özəl banklara kredit üçün ayrılan vəsaitin aşağı faizli olmasına rəğmən əhaliyə bankların verdiyi kreditlərin faiz dərəcəsinin yüksək olmasının da iqtisadi səbəbləri var.
Qeyd edək ki, bugün Azərbaycanda bankların əhaliyə verdiyi kreditlərin həcmi təqribən 15 milyard manata yaxındır. Bu kreditlərin təqribən 9 milyard manatı əmanətlər hesabına formalaşıb. Qalan məbləğ isə bankların öz sərmayələri, cüzi miqdarı isə Mərkəzi Bankın özəl banklara kredit üçün ayrıdığı vəsaitdir.

