Siyasət 

Ərdoğanın səfərinin niyə ön tarixə alındığının səbəbi məlum olur…

Rusiya, Ermənistan və Azərbaycan liderləri – Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin üçtərəfli görüşü noyabrın birinci ongünlüyündə Moskvada baş tuta bilər. “RİA Novosti” məlumatlı mənbəyə istinadən xəbər verir ki, danışıqlar nəticəsində üçtərəfli bəyanatların imzalanması gözlənilir. “Bəli, belə bir görüşün olacağı gözlənilir. İlkin olaraq noyabrın 8-9-da Moskvada olacaq”, – agentliyin həmsöhbəti bildirib.

Mənbənin sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir. “Sənəd Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu proses mürəkkəbdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə problemin həlli yolu tapmaq üçün özləri üçün “yol xəritəsi” müəyyən edəcəklər.

Beləliklə, İrəvan və Bakı SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının xəritələrinə əsaslanaraq bir -birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.İkinci sənəd, Azərbaycanla Naxçıvan arasındakı yol dəhlizləri də daxil olmaqla bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına aiddir.

əsas şəkil.jpg (55 KB)

Rusiyanın belə bir sənəd hazırladığı haqda ilk olaraq Musavat.com hələ 10 gün əvvəl yazmışdı. “Moskva Qarabağla bağlı yeni sənəd hazırlığında – Zəngəzur dəhlizi üçün konkret vaxt…” sərlövhəli yazıda əsas tezislər Rusiyanın belə bir sənəd hazırlığında olduğu haqda idi.

Sitat: “Həm erməni müdafiə nazirinin, həm Paşinyanın Moskva səfəri belə deməyə əsas verir ki, Rusiya vasitəçiliyə həvəslənənlərə mesaj vermək üçün hazırlıq içərisindədir. Böyük ehtimalla Rusiya Moskvada(Soçi də ola bilər) imzalanacaq yeni bir sənədin razılaşdırılması mərhələsindədir. Zəngəzur dəhlizi ilə bağlı məsələ artıq regional qarşıdurma səviyyəsinə çatıb, İranın hərbi təlimlərinə cavab olaraq Azərbaycan və Türkiyə Naxçıvanda təlimlər keçirir. Digər maraqlı dövlətlər də(İsrail, ABŞ, Türkiyə və sairə) bu qarşıdurmada tərəfə çevrilə bilər. O səbəbdən, Rusiya regionda “əsas skripka” rolunu oynamağa başlamalıdır. Mümkündür ki, sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi ilə bağlı məsələni əhatə edəcək sənəd 10 noyabr razılaşmasının bir illiyi ərəfəsində imzalansın.

Ermənistanın hazırkı rəhbərliyi də yaxşı anlayır ki, yeni razılaşma, bəlkə də Zəngəzur dəhlizi ilə bağlı konkret vaxtın müəyyənləşməsini və sülh müqaviləsinə hazırlıq mərhələsinin başlamasını müxtəlif bəhanələrlə ləngitmək İrəvanın ziyanına işləyir”.

2261060.jpg (34 KB)

Belə görünür ki, Türkiyə Prezidentinin Azərbaycana səfərinin ön tarixə çəkilməsi də Rusiyanın vasitəçiliyi ilə imzalanacaq sənədlərə görədir. Çünki ehtimal edilirdi ki, Türkiyə Prezidenti Azərbaycana Zəfər bayramı günündə gələcək və hər iki qardaş ölkənin başçıları Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakdan sonra Şuşaya-bu şəhərin işğaldan azad edilməsi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcəklər. Ermənistan-Azərbaycan-Rusiya sənədlərin imzalanmasının Zəfər bayramı ərəfəsinə təsadüf etməsi səbəbəbində isə səfər planlarda bəzi korrektələr etmək zərurəti yaranıb.
Yada salaq ki, Türkiyə Prezidenti Afrika ölkələrinə səfərdən qayıdarkən, jurnalistlərə açıqlamasında oktyabrın 26-da Azərbaycana gələcəyini demişdi. “Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli hava limanının açılışında iştirak edəcəyəm” deyə, Ərdoğan bidirmişdi.

Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb.“Bakı proqramda yoxdur, amma inşallah hava limanını açacağıq. Bu məsələ ilə bağlı qardaşım İlham Əliyevlə də danışdıq. Ogünkü proqramda, ümid edirəm ki, orada hava limanını və bir neçə magistral yolunu açacağıq və kənd təsərrüfatı ilə bağlı bəzi addımları atacağıq”. Qeyd edək ki, bu, Ərdoğanın Qarabağa ikinci səfəridir. İlk səfər iyunun 15-də həyata keçirilmişdi. O zaman Şuşa şəhərinə yola düşən Türkiyə Prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda qarşılamışdı və iki qardaş lider birgə bu şəhərə yola düşmüşdülər.

Daha çox xəbərlər