Sosial 

Füzuli şəhərinin işğaldan azad olunması strateji əhəmiyyət kəsb edir

44 günlük Vətən müharibəsində qazandığımız Qələbə tarixi ədaləti bərpa etdi. 30 ilə yaxın kağız üzərində qalmış BMT qətnamələrinin yerinə yetirilməsini təmin etdi. Rayonun azad olunması istiqamətində həyata keçirilən ən uğurlu əməliyyat isə cənab Prezident İlham Əliyevin əmri ilə erməni təxribatlarına qarşı başladılan İkinci Qarabağ müharibəsi zamanı aparılan Füzuli əməliyyatı idi. 17 oktyabr 2020-ci il tarixində rəşadətli ordumuz Füzuli şəhərini, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etmişdir. Füzuli   uğrunda aparılmış döyüşlər Vətən müharibəsi ərəfəsində aparılmış ən ağır döyüşlərdən biri kimi yadda qaldı. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu. Möhtərəm Prezidentimiz 17 oktyabr tarixində Füzuli rayon ictimaiyətinin nümayəndələri ilə görüşündə söyləmişdir: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır.”

Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın füzulilərlə birlikdə olması bir daha bu ərazilərə və dövlətin vətəndaşına olan diqqətin göstəricisidir.
Hazırda Füzuli şəhərinin bərpası və sürətli inkişaf prosesləri davam etməkdədir. Füzuli rayonunda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin  nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəkdir.

Əntiqə Tağıyeva,

Masallı rayon Hişkədərə kənd sakini

Daha çox xəbərlər