Əsas səhifə 

Qubadlı əməliyyatı Zəfər tariximizə qızıl hərflərlə yazıldı

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın tarixində ən şərəfli səhifələr kimi əbədi qalacaq. Çünki məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsinin 29-cu günündə qəhrəman ordumuz 1993-cü il avqust ayında erməni təcavüzkarları tərəfindən işğal edilən Qubadlını düşmən tapdağından xilas etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 oktyabr 2020-ci il tarixində özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini bildirdi: “Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Dövlət başçısı Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz “Instagram” hesabında Qubadlı şəhərinin azad olunması münasibətilə paylaşım etmişdir: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlıda oldular. Ölkəmizin başçısı Qubadlıda Azərbaycan Bayrağını ucaltdı və dedi: “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir”.

Zəngilan şəhərinin işğaldan azad edilməsi Qubadlının azad olunmasına aparan yolun başlanğıcı oldu. Düşmən digər ərazilərdə olduğu kimi, Qubadlıda da güclü istehkamlar qurmuşdu. Eyni zamanda, Qubadlının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə Ermənistan Respublikası ərazisindən də ordumuza qarşı artilleriya və müxtəlif silahlardan atəş açılırdı. Qəhrəman ordumuzun qətiyyətli zərbələri nəticəsində darmadağın olunan mənfur düşmən yenə öz çirkin əməllərindən əl çəkmir, yolları dağıdır, körpüləri partladır, dağıntılar törədirdi. Bütün bunlara baxmayaraq şanlı Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini qısa müddətdə işğalçıdan azad etdi.

Bəli, qırx dörd günlük Vətən müharibəsi Ali Baş Komandanımızın, şanlı ordumuzun, xalqımızın Zəfəri ilə başa çatdı və Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bu Zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz liderinin, öz ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində tarixi torpaqlarımız, eləcə də Qubadlımız işğaldan azad edildi.

Qubadlının işğaldan azad edilməsinin böyük əhəmiyyəti var idi. Çünki Qubadlının azad edilməsi Kəlbəcərin, Laçının düşmənin əsarətindən qurtarılmasını təmin etdi. Qubadlı əməliyyatından sonra ordumuzun strateji üstünlükləri həddindən artıq yüksəldi. Artıq Qubadlı ilə Ermənistan-Azərbaycan sərhədlərinin bərpası başlandı. Məhz buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı Zəfəri tarixə qızıl hərflərlə yazıldı.

Daha çox xəbərlər