Şəhid Elşənin anım günüdür – VİDEO
Payızın bu aylarında ölkənin hər bölgəsində şəhidlərin əziz xatirəsi anılır, onlarla vətəndaş şəhid məzarlarını ziyarət edir. Bu gün də Bakının Qızıldaş qəsəbəsindəyik – Füzuli və Xocavəndin azadlığı uğrunda vuruşmuş Vətən müharibəsinin gənc şəhidi Elşən Aslanovun məzarı başında.
ARANTV.AZ RealTV-yə istinadən xəbər verir ki, 1999 təvəllüdlü Elşən Aslanov müharibəyə gedəndə hələ 9 ay idi ki, hərbi xidmətdən geri gəlmişdi. Ad günündə cəbhəyə yollanan gənc qəhrəmanı indi yaxınları, dostları, qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri şəhid olmasının birinci ilində anır.
Övladını itirmək nə qədər çətin və ağrılıdırsa Elşənin valideynləri bu gün o qədər məğrur və qürurlu idilər. Oğluyla sonuncu dəfə danışdıqdan bir neçə gün sonra şəhid xəbərini alan Xansənəm ananın dilində yalnız bir söz var idi – “Vətən sağ olsun”
Elşən Aslanov, ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Elşən, sonuncu dəfə anasıyla telefonda danışanda “Torpaqları alıb gələcəyəm” deyib. O, öz arzusuna çatdı, torpaqlar azad olundu. Geri qayıtmadı amma ondan geriyə qəhrəmanlıqları və əziz xatirəsi qaldı.

