“Dəmir yumruq” məhz belə hərbi təlimlərlə möhkəmlənir” – ekspert
Emin Həsənli ordumuzun düşməni təşvişə salan təlimlərindən danışdı
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N saylı hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək. Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər. Təlim toplanışı noyabrın 6-dək davam edəcək. Bu təlimlərin cəmiyyətdə, mediada maraqlı qarşılandığı haqda məlumatlar, reaksiyalar var. Düşmən mediasında da ordumuzun təlimləri ilə bağlı xəbərlər var. Qarşı tərəf təşviş içində təlimləri izləyir, 2020-ci il müharibə öncəsi də belə təlimlərin olmasını xüsusi vurğulayırlar.
![]()
Emin Həsənli
Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, hərbi təlimlərin əhəmiyyəti böyükdür. Ordunun döyüş hazırlığının yüksək səviyyədə olmasını təmin edir: “Ehtiyatda olan hərbçilərin də təlimlərdə iştirakının təmin edilməsi təlimlərin xüsusiyyətindən asılıdır. Ordumuz 2017-ci ildən üzü bəri belə təlimləri mütəmadi olaraq keçirir. Müharibə artıq geridə qalıb. Azərbaycan uzun illərdir terrordan əziyyət çəkən ölkələrdən biridir. Ona görə də Azərbaycan terrora, terrorçulara qarşı mübarizəni özünün ən mühüm hədəflərindən biri sayır və bunda haqlıdır. Tale elə gətirib ki, bizim Ermənistan kimi terrorçu mahiyyətli, terroru dövlət siyasətinə çevirən qonşumuz var. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyir. İndiyə qədər Azərbaycanda 32 terror aktının məhz Ermənistan dövləti tərəfindən təşkil edildiyi istintaq tərəfindən tam sübut olunub. Bakıda metronun partladılmasından tutmuş, Ağdam və Qarabağın digər ərazilərində dinc insanların hərəkət etdiyi avtobusların partladılmasına qədər ən müxtəlif çirkin qanlı terror aktlarını məhz Ermənistan təşkil edib. İndi Qarabağ müharibəsi başa çatıb, lakin Ermənistan terrorçu mahiyyətini dəyişməyib”.
Ekspert deyir ki, bu gün keçirilən təlimlər ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına xidmət edir: “Bu gün səfərbərliyə ehtiyac yoxdur. Ordumuzun bir neçə hərbi hissəsi qarşısına qoyulan tapşırığı yüksək səviyyədə yerinə yetirə bilər. Bu gün Qarabağda erməni terrorçular var və Ermənistandan onlara dəstək verilir. Onlar terroru təbliğ edirlər, terror hazırlıqlarından imtina etmirlər. Eyni zamanda Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bəzi tələblərinə əməl etmir. Əməl etsəydi, Qarabağdakı erməni terrorçularını, silahlı qruplarını geri çağırmalı idi. Lakin bunu hələ etməyiblər”.
Ekspert qeyd etdi ki, hər il öncədən təsdiq edilən plana uyğun olaraq Azərbaycan Ordusu hərbi təlimlər keçirir. Bu hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının təsdiqlədiyi plana uyğun baş tutur: “Hərbi təlimlər Azərbaycan Ordusunun qanunsuz silahlı birləşmələrə, qruplara, terrorçulara qarşı mübarizəsində imkanlarını, təcrübəsini daha da gücləndirməyə hesablanıb. 44 günlük müharibə zamanı bir daha təsdiq olundu ki, uzun illər aparılan müxtəlif təyinatlı hərbi təlimlər əbəs deyil. Bundan sonrakı dövrdə keçiriləcək təlimlər də ordumuzun döyüş qabiliyyətini artırmağa hesablanıb. Lazımi anda bu təlimlərdə əldə olunan bacarıqlar öz sözünü yenə deyəcək. “Dəmir yumruq” məhz belə təlimlərdə möhkəmlənir və hər zaman düşmənin silahlı terrorçu qruplarını, ordusunu darmadağın etməyə hazırdır”.

