Yardımlıda təhlükə saçan elektrik dirəyi: “Azərişıq” hərəkətə keçdi – FOTO/VİDEO
Yardımlı rayonunda kənd sakini hər gün evinə təhlükədən keçərək gedir.
Bu barədə Oxu.Az-a rayonun Telavar kənd sakini Sultanlı Sətdar məlumat verib. O bildirib ki, nənəsigilə gedən yolda neçə gündür elektrik dirəyi aşıb:
“Nənəm yaşlı qadındır. Anam və biz hər gün nənəmə baxmaq üçün onun evinə gedirik. Lakin bir həftədir evə gedən yolda elektrik dirəyi aşıb. Elektrik naqilləri qırılmayıb və təhlükə saçır. Uşaqlı-böyüklü biz hər gün bu təhlükənin altından keçib evə gedirik. Kənd bələdiyyəsinə müraciət etmişik, məsələ ilə bağlı heç kim tədbir görmür”.
Məsələ ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefonlarımıza cavab verən əməkdaş beş dəqiqə ərzində Telavar kənd bələdiyyə sədrinin nömrəsini verəcəyini desə də, sözügedən müddətdən sonra qurumdan zəngimizə cavab verən olmadı.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı quruma müraciət daxil olmayıb:
“Faktla bağlı daha əvvəl “Azərişıq” ASC-nin aidiyyəti üzrə idarəsinə və qəza xidmətinə müraciət edilməyib. Bu gün məsələ ilə bağlı daxil olan məlumat əsasında əraziyə qəza xidmətinin əməkdaşları cəlb edilib. Qısa zamanda aşan elektrik dirəyi bərpa edilib. Araşdırma zamanı məlum olub ki, elektrik dirəyinin aşmasına səbəb avtomobilin dirəyə çırpılaraq qəza törətməsi olub”.

