“Tarixi zəfərimizin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib – FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə oktyabrın 23-də “Tarixi zəfərimizin əsasları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutan görüş zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert Aslan Əzimzadə şanlı zəfərimizin iqtisadi aspektlərindən bəhs edib.
Tələbələr və gənclər arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi istiqamətində təşkil olunmuş görüşdə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığı böyük qürur hissi ilə qeyd edilib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığı vurğulanıb.
Görüş zamanı iqtisadçı ekspert prezidentin həyata keçirdiyi uğurlu iqtisadi siyasətdən, ölkəmizin müharibədən əvvəl və sonrakı iqtisadi vəziyyətindən, müstəqillik illərindən başlayaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş düzgün strategiyanın müvəffəqiyyətlə davam etdirilməsinin nəticələrindən bəhs edib. İqtisadi dəyişmələrin şanlı zəfərimizin əldə olunmasındakı əhəmiyyəti və regionda Ermənistanla müqayisədə olan üstünlüyümüz xüsusilə vurğulanıb.
Qeyd edək ki, layihə çərçivəsində iqtisadi, siyasi, hüquqi, tarixi, diplomatik aspektlər tələbələrə çatdırılacaq, ekspertlərlə tələbələrin ümumilikdə görüşləri təşkil olunacaq.

