Əbədiyyətə qovuşan parlaq ulduz – VİDEO
Şəhid leytenant Fərid Məmmədovun ildönümündə xatirə bulağının açılışı olub
Xırdalan şəhərində Vətən müharibəsi şəhidi, leytenant Fərid Məmmədovun şəhadətə qovuşmasının il dönümü ilə əlaqədar adına inşa edilmiş bulağının açılışı oldu.
Açılış mərasimində Xırdalan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Müdafiə nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri və yaxınları, qazilər iştirak edirdi.
Tədbir Müdafiə Nazirliyinin hərbi orkestrinin müşaiəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi şərəf yolundan danışdılar. İlahiyyatçı Hacı Şahin Həsənli şəhidlərin qanları ilə bütün həyati suallara cavab verərək Allaha bağlılıqlarını təsdiqlədiyini bildirdi.
Qeyd edək ki, şəhid leytenant Fərid Vəlhəd oğlu Məmmədov 29 Aprel 1990-cı il aprelin 29 da Abşeron rayonu Xırdalan şəhərində doğulub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunub və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Onu da qeyd edək ki, şəhidimiz Fərid Məmmədov ailəli olub, ondan geriyə Fuad adlı bir oğlu yadigar qalıb. 5 yaşlı Fuad balamız olanları tam dərk etməsə də zaman ötdükcə atası ilə qürur duyacaq çünki, o bir qəhrəman oğludur…
Şəhid Fərid Məmmədov ölümündən sonra, Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

