Salyanda bostan sahələrindən bol məhsul götürülüb
Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan bostançılıqda uğurlu nəticələr əldə edilib. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər sahələrdən bol məhsul götürüblər.
Rayon Statistika İdarəsindən “İki sahil”ə verilən məlumata görə, cari ildə Salyanda 932 hektar sahədə bostan bitkiləri becərilib və 16723 ton məhsul toplanılıb. Bu göstərici keçən illə müqayisədə 80,6 ton və ya 0,5 faiz çoxdur. 629 hektar qarpız sahəsindən 11614 ton, 303 hektar yemiş sahəsindən isə 5109 ton məhsul tədarük olunub.

