Siyasət 

Regionda yeni mərhələ başlayıb: Azərbaycan və Türkiyənin rolu həlledicidir- SOLTAN MƏMMƏDOV

Azərbaycan Prezidenti Rusiya və Türkiyə kimi böyük güclərin maraqlarının uzlaşma nöqtələrini dəqiq qiymətləndirərək milli mənafelərimizə uyğun strateji xətt müəyyən edib

“Türkiyə Prezidentinin Azərbaycana səfəri iki qardaş ölkə arasında münasibətlərin nə qədər dərin tarixi köklərə əsaslandığını nümayiş etdirməklə yanaşı, həm də dünyaya verilən bir mesajdır”.

Bu sözləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladığı Bəyannamə ikitərəfli əlaqələrin bütün spektrlərini əhatə etməklə milli maraqlara bağlı olan istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsini nəzərdə tutur.

Soltan Məmmədov qeyd etdi ki, Vətən müharibəsndən sonra Cənubi Qafqazın tarixində yeni bir mərhələ başlayıb və bu mərhələdə Azərbaycanla Türkiyənin rolu həlledicidir: “Azərbaycanının əsas hissəsini Naxçıvanla əlaqələndirəcək Zəngəzur dəhlizi vasitəsilə həm də Naxçıvan üzərindən Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu əlaqəsi qurulacaq. Yəni, Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq. Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və bu ölkənin Türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək”.

“3+3” formatı yeni beynəlxalq əməkdaşlıq platformasıdır

Milli Məclisin deputatı xatırlatdı ki, hazırda müzakirə olunan “3+3” formatı Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı əhatə edən yeni beynəlxalq əməkdaşlıq platforması kimi nəzərdən keçirilir. Bölgədə sabitliyin, sülhün və əməkdaşlığın, xalqların rifahının təmin olunması baxımından bu təşəbbüsün böyük önəmi var: “Türk Şurasının üzvləri olan Azərbaycan, Özbəkistan, Qazaxıstan bu gün regionda və qlobal siyasətdə ciddi təsir imkanlarına malik olan Rusiyanın tərəfdaşlarıdır. Müasir dövrün yeni geosiyasi reallıqları və qlobal güclərin dünya nizamını təkbaşına müəyyən etmək cəhdləri beynəlxalq birliyin mühüm bir hissəsi tərəfindən müqavimətlə qarşılanır, regional güclərin rolunu və təsirini artırır. Bu vəziyyət hər zaman fərqli maraqları olan Rusiya və Türkiyəni bir araya gətirən yeni geosiyasi reallıqdır. Azərbaycan Prezidentinin siyasi məharəti ondadır ki, yeni reallıqlar  kontekstində Rusiya və Türkiyə kimi böyük güclərin maraqlarının uzlaşma nöqtələrini dəqiq qiymətləndirərək milli mənafelərimizə uyğun strateji xətt müəyyən edib”.

Soltan Məmmədov Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi məsələlərdə eyni mövqedən çıxış etdiyini vurğulayıb.

Qeyd edib ki, Ərdoğanın işğaldan azad olunmuş ərazilərə səfəri hər iki tərəfin maraqlarının üst-üstə düşdüyünü bir daha təsdiq edir. Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə əlaqələrinin tarixində də yeni dövrün başladığını bildirən deputat işğaldan azad olunmuş ərazilərin dirçəlməsinə Türkiyənin böyük töhfə verəcəyini vurğulayıb.

Daha çox xəbərlər