Cəbhədən Xəbər 

2020-ci ilin 28 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

ARANTV.AZ 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin otuz ikinci günü

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüşlər cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərində davam etmişdir. Düşmənin hücum cəhdlərinin qarşısı alınıb. Düşmən itki verərək geri çəkilib. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır. Saat 07:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmuşdur.

Saat 07:35-dən 09:00-dək Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalmışdır.

Saat 10 radələrində Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulmuşdur.

Saat 10:15-də Ermənistan ordusu “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini və rayonunun ərazisini atəşə tutmuşdur. Günorta saatlarında Ermənistan tərəfi Azərbaycan Ordusunun Şuşa şəhərini bombardman etdiyini və Çanaqçı kəndi ətrafında döyüşlərin getdiyini açıqlamışdır. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması barədə yaydıqları məlumatın yalan olduğunu açıqlamışdır.

Saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə qarşı yenidən “Smerç” raketlərindən istifadə edilərək zərbələr endirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, hadisə nəticəsində 21 nəfər həlak olmuş, 70-dən artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olmuş, bir əməkdaşı isə ağır yaralanmışdır. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri saat 14:40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutmuşdur. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə yaydığı xəbərin məqsədyönlü dezinformasiya olduğunu açıqlamışdır.

Saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Tərtər rayonunun ərazisini atəşə tutmuşdur.

Saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutmuşdur. Prezident İlham Əliyev özünün “Twitter” səhifəsində Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri, Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qilican kəndlərinin işğaldan tam azad edildiyini açıqlamışdır.

Daha çox xəbərlər