Albaniyada Azərbaycan tarixini əks edən kitab işıq üzü görüb
Albaniyanın paytaxtı Tirana şəhərində müəllif Ledion Krisafi tərəfindən yazılmış “Ermənistan-Azərbaycan münaqişəsində geosiyasət və beynəlxalq hüquq” sərlövhəli kitab alban dilində nəşr olunub. Qeyd edək ki, bu, regionda baş verən proseslər və keçmiş Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda Albaniyada nəşr olunmuş ilk kitabdır.
Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, kitabda münaqişənin yerləşdiyi regionun coğrafi xüsusiyyətləri və tarixi, münaqişənin beynəlxalq hüquqi əsasları və bugünkü tarixi reallıqları barədə oxuculara müfəssəl məlumat verilib. Regionun coğrafi xüsusiyyətləri ilə bağlı məlumat verən müəllif burada yerləşən etnik qrupların yayılma arealı, milli xüsusiyyətləri, müxtəlif dil qrupuna aid etnosların tarixi miqrasiya proseslərindəki iştirakı, etno-tarixi proseslərin inkişaf tendensiyası ilə bağlı informasiya vermiş və Balkanlarda baş verən etno-demoqrafiq proseslərlə müqayisə aparılıb. Rusiya ilə İran arasında 1804-1813 və 1826-1828-ci illərdə baş vermiş müharibələrin sonunda tərəflər arasında imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrinin doğurduğu mənfi nəticələrdən, erməni əhalisinin regiona köçürülməsi və onlara çar Rusiyası tərəfindən yaradılan xüsusi şəraitdən, çar və sovet Rusiyası tərəfindən regionun demoqrafiq xəritəsinin süni şəkildə dəyişdirilməsi ilə bağlı apardıqları dövlət siyasətinin zərərli nəticələrindən, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, münaqişə regionunda yaşayan insanların etnik xüsusiyyətləri və tarixi proseslərin doğurduğu nəticələrdən bəhs olunub.
Qeyd edək ki, regiondakı etnik mənzərənin yaradılması ilə bağlı oxuculara təqdim olunan statistik rəqəmlər çar və sovet Rusiyasının dövlət orqanları tərəfindən tərtib olunmuş demoqrafiq arayışların təqdim etdiyi hesabatlar əsasında verilib. Kitabda çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ dövründə münaqişə bölgəsində yaradılan idarəçilik üsulu, müxtəlif vaxtlarda qəbul edilmiş konstitusiyalarda regionun statusu, Dağlıq Qarabağ Muxtar Vilayətinin daxili ərazi bölgüsü, onun çox dəqiq tərifi olmadan zaman-zaman dəyişirdirilmiş ərazisi və Azərbaycan dövlətçilik institutları ilə hüquqi bağlılığı barədə geniş informasiya verilib. 1905-1907-ci illərdə və 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı Qarabağ, Naxçıvan, Lənkəran, Salyan, Quba və Bakı şəhərində törədilən kütləvi qırğından, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Qarabağdakı separatçı fəaliyyəti, 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistan ərazisindən zorla deportasiya edilən etnik azərbaycanlıların vəziyyəti, 1980-ci ildən etibarən ermənilər tərəfindən yenidən başladılan antiazərbaycan siyasəti, insanlıq əleyhinə Xocalı şəhərində törədilən soyqırımdan, onun xalqımız üçün acı nəticələri, məcburi köçkün və qaçqın problemi və son 30 il ərzində baş vermiş ikitərəfli və çoxtərəfli danışıqlar formatı barədə, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca apardığı genişmiqyaslı əməliyyat və 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi haqqında ətraflı məlumat verilib.
Müəllif öz araşdırmasında göstərir ki, son iki əsr ərzində ermənilərin bu regiona köçürülməsi ilə bölgə çoxvektorlu demoqrafik proseslərin, mürəkkəb miqrasiya reallıqlarının, eləcə də qəddar və qanlı hadisələrin mərkəzinə çevrilib.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan həqiqətlərini və hazırda regionda baş verən proseslər haqqında məlumatların yerli ictimaiyyətə çatdırılması məqsədi ilə müəllif sözügedən kitabın Albaniyanın elmi, siyasi, humanitar və ictimai dairələrində geniş şəkildə tanıdılmasını, eyni zamanda, ictimaiyyətin məlumatlandırılması məqsədi ilə ölkədə fəaliyyət göstərən kitab mağazalarında satışını da təşkil edəcəyini planlaşdırıb.

